Ələddin Qurbanov,
YAP Göygöl rayon təşkilatı üzrə Toğanalı kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır. Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da hər zaman bu istəklə yaşamışdır . Tarixin müxtəlif zamanlarında fərqli adlar altında müstəqil Azərbaycan dövləti mövcud olmuşdur. Hər zaman öz milli və dövlət müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqı XX əsrin əvvələrində ilk dəfə öz müstəqilliyini elan etdi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə dövlət atributları qəbul edildi.
Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
Hər bir xalqın özünəməxsus dəyərləri, tarixi və milli rəmzləri vardır. Bu rəmzlər arasında dövlət bayrağı xüsusi yer tutur. Bayraq bir xalqın kimliyini, müstəqilliyini və azadlığını dünyaya tanıdır. Azərbaycan bayrağı da bizim üçün sadəcə dövlət atributu deyil, doğma Vətənimizin, milli birliyimizin və qürurumuzun ifadəsidir.Hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur. Bu gün hər bir azərbaycanlı üçün əlamətdar və qürurverici gündür. Çünki üçrəngli bayrağımızın arxasında xalqımızın böyük tarixi, müstəqillik arzusu və azadlıq uğrunda apardığı mübarizə dayanır. Bayrağımızın mavi, qırmızı və yaşıl rənglərinin hər birinin öz mənası var. Mavi rəng türk dünyasına bağlılığımızı, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə milli-mənəvi dəyərlərimizi ifadə edir. Ay-ulduz isə milli kimliyimizin əsas rəmzlərindəndir. Bu üç rəng bizi birləşdirir, keçmişimizi xatırladır və gələcəyə inamımızı artırır.
Prezident İlham Əliyevin bayrağımız haqqında söylədiyi “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir, bizim bayrağımız qürur mənbəyimizdir” sözləri hər birimizin ürəyindən xəbər verir. Doğrudan da, bayrağımız bizim səsimizdir. Dünyanın hansı ölkəsində Azərbaycan bayrağı dalğalanırsa, orada dövlətimizin adı, xalqımızın varlığı və müstəqilliyimizin gücü nümayiş olunur. Biz bayrağımıza baxanda özümüzü daha güclü, daha inamlı hiss edirik.
Bu gün bayrağımızdan danışarkən Vətən müharibəsində qazandığımız Zəfəri xatırlamamaq mümkün deyil. 44 günlük müharibə zamanı Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı. Hər azad olunan kənddə və şəhərdə bayrağımızın ucaldılması xalqımıza unudulmaz sevinc yaşatdı. Xüsusilə Şuşada üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq tarixi hadisədir. Bu qələbə bizə göstərdi ki, xalq bir olduqda, dövlət və ordu güclü olduqda qarşıya qoyulan ən böyük məqsədlərə çatmaq mümkündür. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün vaxtilə işğal altında olmuş torpaqlarımızda bayrağımızın dalğalanması müstəqilliyimizin və ərazi bütövlüyümüzün göstəricisidir.
Azərbaycan bu gün inkişaf edən, beynəlxalq aləmdə öz mövqeyi olan güclü dövlətdir. Dövlət bayrağımızın müxtəlif ölkələrdə, beynəlxalq tədbirlərdə və mötəbər görüşlərdə dalğalanması hər birimizə qürur verir. Vətəndaş olaraq hər birimiz istəyirik ki, bu bayraq həmişə yüksəklərdə olsun, Azərbaycanımızın adı daim hörmətlə çəkilsin. Bu gün biz həm də bayrağımızın ucalığı uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların bizə əmanət etdiyi Vətəni qorumaq və dövlətimizi daha da inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur.
