Sizin reklam burada
Sizin reklam burada
  • Qanunsuz silahlar ÖLKƏMİZƏ haradan gəlir?


     Azərbaycanda qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar davam edir. Daxili İşlər Nazirliyinin açıqladığı statistik göstəricilər problemin miqyasının kifayət qədər ciddi olduğunu göstərir. Belə ki, 2026-cı ilin ilk altı ayında ölkə üzrə 3 088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanaraq götürülüb. Həmin dövrdə qanunsuz odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Noyabrın 3-də keçirilən əməliyyatlar zamanı da paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbaraatan, 3 qumbara, 1 alışdırıcı və 5 tüfəng aşkarlanaraq götürülüb. İlk altı ayın statistikası göstərir ki, ölkədə qanunsuz silah dövriyyəsinə qarşı mübarizə kifayət qədər geniş miqyas alıb. 3 mindən çox odlu silahın, yüzlərlə qumbaranın və 99 mindən artıq patronun aşkarlanması bu məsələnin yalnız ayrı-ayrı insidentlərdən ibarət olmadığını göstərir.

    Burada diqqətçəkən digər məqam aşkarlanan silahların çeşididir. Avtomatlar, pulemyotlar, tapançalar, qumbaralar və qumbaraatanlar artıq adi məişət silahlarından fərqli olaraq daha ciddi təhlükə potensialı daşıyır.

    Bəs bu silahlar haradan əldə edilir? Onların nə qədəri münaqişə və müharibə dövründən qalan silahlardır, nə qədəri isə qanunsuz yollarla ölkəyə gətirilir və ya əldə olunur?

    Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev  danışıb.

    Deputat deyib ki, daxili işlər nazirinin son altı ay üzrə açıqladığı statistika bir daha göstərir ki, bu istiqamətdə Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları çox ciddi və məsuliyyətli tədbirlər həyata keçirir, mühüm nəticələr əldə edirlər: "Noyabrın 3-də qumbaraatanın, eyni zamanda üç qumbaranın, bir alışdırıcının və beş tüfəngin götürülməsi də göstərir ki, bu problem gündəlik əməliyyat tədbirlərinin diqqət mərkəzindədir, eyni zamanda əməliyyat şəraitinə nəzarət olunur. Düşünürəm ki, cənab nazir başda olmaqla, bu istiqamətdə müvafiq qurumlara ən mühüm tapşırıqlar verilib".

    Arzu Nağıyev qeyd edib ki, qanunsuz silahlar milli təhlükəsizlik üçün ciddi təhdid yaradır. Onlardan silahlı soyğunçuluq, ağır cinayətlər, məişət münaqişələri zamanı zorakılıq, mütəşəkkil cinayətkar qrupların fəaliyyəti və terror aktlarında istifadə riski var: "Bu silahlardan silahlı soyğunçuluq və digər ağır cinayətlərin törədilməsində, son vaxtlar baş verən mübahisə və məişət münaqişələrinin ölüm halları ilə nəticələnməsində istifadə oluna bilər. Eyni zamanda, mütəşəkkil cinayətkar qrupların silahlanması, terror və digər zorakı fəaliyyətlər zamanı silahlardan istifadə riski də nəzərə alınmalıdır. Bütün bunların qarşısının alınması baxımından Daxili İşlər Nazirliyinin həyata keçirdiyi son əməliyyatlar təqdirəlayiqdir. Digər mühüm məqam qanunsuz silahların gələcəkdə yenidən dövriyyəyə qayıtması ehtimalıdır. İlk altı ay ərzində qanunsuz silahların dövriyyədən çıxarılması istiqamətində əldə olunan nəticələr bu məsələyə ciddi diqqət yetirilməsinin vacibliyini göstərir. Xüsusilə avtomat, pulemyot və qumbaraatan kimi hərbi təyinatlı silahların aşkarlanması problemin nə qədər ciddi olduğunu ortaya qoyur. Buna görə də məsələyə son dərəcə məsuliyyətlə yanaşılmalıdır.İlk növbədə, iki məqamı fərqləndirmək lazımdır: qanunsuz silahların mövcudluğu və onların hansı mənbələrdən əldə edilməsi ehtimalı. Məlumdur ki, Azərbaycan müharibə və postmüharibə reallıqlarında yaşayır. Regiondakı təhlükəsizlik vəziyyəti və qanunsuz silah ticarətinin beynəlxalq xarakter daşıması bir neçə mümkün mənbənin nəzərdən keçirilməsini zəruri edir. Ehtimal olunan mənbələrdən biri müharibə dövründən qalan silahlardır. Münaqişələr zamanı əldə edilmiş, döyüş bölgələrindən qalmış və sonradan mülki şəxslərin əlinə keçmiş silahlar qanunsuz dövriyyəyə daxil ola bilər. Digər ehtimal ermənilərin vaxtilə basdıraraq ərazilərdə qoyub getdikləri və sonradan öz agentura şəbəkələri vasitəsilə istifadə etməyə çalışdıqları silahlarla bağlıdır.Bundan başqa, müxtəlif dövrlərdə hərbi təyinatlı anbarlardan oğurlanmış, mühafizə olunan obyektlərdən ələ  keçirilmiş və ya xaricdən qanunsuz yollarla gətirilmiş silahlar da mövcud ola bilər. Ölkə daxilində qeyri-qanuni alqı-satqının geniş miqyasda olduğunu düşünmürəm, lakin belə halların mövcudluğu ehtimalını da istisna etmək olmaz".

    A.Nağıyevin fikrincə, burada vacib məqam aşkarlanan silahların hansı hissəsinin müharibə dövründən qalması, hansının isə xaricdən gətirilməsi ilə bağlıdır: "Bu barədə müvafiq statistika açıqlansa, məsələyə daha aydınlıq gətirmək mümkün olar. Çox güman ki, Daxili İşlər Nazirliyində bu istiqamətdə müvafiq təhlillər aparılır. Bütün silahları müharibə mirası və ya xarici mənşəli qanunsuz ticarətlə əlaqələndirmək düzgün olmazdı. Əsas məsələ hər bir silahın mənşəyinin müəyyənləşdirilməsidir. Düşünürəm ki, ballistik ekspertizalar, seriya nömrələri, istehsal mənsubiyyəti və digər texniki göstəricilər əsasında bu silahların nə vaxt istehsal edildiyi və hansı mənbədən əldə olunduğu müvafiq qurumlar tərəfindən araşdırılır, mütəmadi şəkildə təhlil edilir və aydınlıq gətirilir. Son vaxtlar penitensiar sistemdə, eləcə də Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu istiqamətdə aparılan mübarizə də xüsusi əhəmiyyət daşıyır. Qanunsuz silahların dövriyyəyə hansı yollarla daxil olduğunun müəyyənləşdirilməsi mühüm məsələdir. Biz dəfələrlə bu istiqamətdə həyata keçirilən əməliyyatlar və aşkarlanan faktların şahidi olmuşuq. Mənşənin müəyyənləşdirilməsi ilə bağlı bir neçə məqamı da xüsusi qeyd etmək istərdim. Aşkarlanan silahların nə qədərinin müharibə dövründən qalması, nə qədərinin başqa qanunsuz mənbələrdən əldə edilməsi və hansı hissəsinin xaricdən gətirilməsi araşdırılmalıdır. Bu istiqamətdə mütəmadi araşdırmaların aparılması vacibdir. Eyni zamanda, Azərbaycan vətəndaşı görür ki, cinayətkar şəbəkələrin ifşa olunması ilə yanaşı, qanunsuz silahların əldə edilməsi, saxlanması, satılması və dövriyyəyə buraxılmasında iştirak edən şəxslərə qarşı da ciddi əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bu istiqamətdə agentura əməliyyat fəaliyyəti də mühüm əhəmiyyət daşıyır və ciddi nəticələr əldə olunur".

    Müsahibimiz vurğulayıb ki, burada ən mühüm məsələlərdən biri də profilaktik nəzarətdir: "Əhalinin əlində qanunsuz saxlanılan silahların aşkarlanması, mütəmadi yoxlamaların aparılması, silahların könüllü təhvil verilməsinin təşviq edilməsi və sərhəd nəzarətinin təkmilləşdirilməsi davam etdirilməlidir. Bir daha qeyd edirəm ki, əldə olunan nəticələr çox mühümdür. Bu istiqamətdə uğurlu əməliyyatlar həyata keçirən hüquq-mühafizə orqanları üzərlərinə düşən ciddi məsuliyyəti yerinə yetirirlər. Azərbaycan vətəndaşı da görür və alqışlayır ki, onun təhlükəsizliyini təhdid edən halların qarşısını almaq üçün arxasında güclü hüquq-mühafizə və xüsusi xidmət orqanları dayanır".


    Xalidə Gəray

     




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ