YAP Qax rayon təşkilatının əməkdaşı
Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın azadlıq iradəsinin, milli kimliyinin, dövlətçilik ənənələrinin və müstəqilliyinin ən müqəddəs rəmzlərindən biridir. Bu bayraq yalnız dövlət atributu deyil, həm də xalqımızın şanlı tarixini, milli birliyini, qəhrəmanlığını və gələcəyə olan inamını özündə yaşadan mənəvi dəyərdir. Hər dəfə üçrəngli bayrağımızın dalğalanmasını seyr edərkən onun arxasında dayanan böyük tarixi mübarizəni, xalqımızın fədakarlığını və müstəqillik uğrunda apardığı mücadiləni xatırlayırıq.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən üçrəngli bayrağımız milli dövlətçilik tariximizin ən mühüm rəmzlərindən birinə çevrildi. Bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasirliyi və demokratik inkişafı, yaşıl rəngi isə İslam sivilizasiyasına bağlılığımızı ifadə edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra uzun illər rəsmi istifadədən kənarda qalan bayrağımız xalqımızın qəlbində və milli yaddaşında yaşamaqda davam etdi.
Üçrəngli bayrağımızın yenidən dövlətçilik rəmzi kimi ucaldılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi əhəmiyyət daşıyır. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi milli dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Soveti üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsdiqlədi. Beləliklə, xalqımızın müstəqillik arzusu özünün ən mühüm rəmzlərindən birinə yenidən qovuşdu.
Ulu Öndər Heydər Əliyev dövlət rəmzlərimizin mahiyyətini yüksək qiymətləndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu fikir bayrağımızın xalqımızın həyatında tutduğu mövqeyi və daşıdığı mənəvi məsuliyyəti aydın şəkildə ifadə edir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyasını uğurla davam etdirərək Azərbaycanın beynəlxalq nüfuzunu və dövlət rəmzlərimizin ehtiramını daha da yüksəldir.
Üçrəngli bayrağımızın tarixində ən qürurverici səhifələrdən biri 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərlə bağlıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək xalqımızın uzun illər davam edən həsrətinə son qoydu. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər doğma torpaqlarımızda Azərbaycan bayrağının ucaldılması hər bir vətəndaş üçün unudulmaz qürur anlarına çevrildi. Xüsusilə 2020-ci il noyabrın 8-də Şuşanın azad olunmasının elan edilməsi və üçrəngli bayrağımızın bu qədim şəhərdə dalğalanması Zəfər tariximizin ən möhtəşəm hadisələrindən biri oldu.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Dövlət Bayrağımızı ucaltması isə tariximizə qızıl hərflərlə yazılan hadisəyə çevrildi. Artıq üçrəngli bayrağımız ölkəmizin bütün ərazilərində dalğalanır. Bu, xalqımızın birliyinin, dövlətimizin gücünün və şəhidlərimizin fədakarlığının ən parlaq təcəssümüdür.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan sakinlərimiz və yenidən qurulan şəhər və kəndlərimiz bayrağımızın altında yeni həyatın başladığını nümayiş etdirir. Dövlət Bayrağı Günü isə bütün bu tarixi nailiyyətləri bir daha xatırlamaq, milli həmrəyliyimizi möhkəmləndirmək və müstəqilliyimizin dəyərini dərindən dərk etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün qürur, sevinc və vətənpərvərlik günüdür. Bayrağımıza hörmət etmək tariximizə, şəhidlərimizin əziz xatirəsinə, müstəqilliyimizə və dövlətçiliyimizə hörmət etmək deməkdir. Əminik ki, xalqımızın birliyini və dövlətimizin qüdrətini təcəssüm etdirən üçrəngli bayrağımız bundan sonra da dünya səmasında qürurla dalğalanacaqdır.
