Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda şəhid ataları və müharibə iştirakçıları ilə görüş olub

    Noyabrın 4-də YAP Qax rayon təşkilatının inzibati binasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərimiz şərəf tariximizdir” mövzusunda şəhid ataları və müharibə iştirakçıları ilə birgə görüş keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, Qax Rayon İcra Hakimiyyəti, YAP Qax rayon təşkilatı, rayon Ağsaqqallar Şurası və Qax rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Malik Həmzəyev, rayon Ağsaqqallar Şurasının sədri Mustafa Dadaşov və rayon gənclər və idman sektorunun müdiri Elvin Həsilov çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyəti barədə danışıb, igid oğullarımızın döyüşlərdə göstərdikəri qəhrəmanlıqlardan söz açıblar.

    Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsinin müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifəsinə çevrilib. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək bu möhtəşəm Zəfəri əldə edib. Bu Qələbənin qazanılmasında Azərbaycan əsgərinin vətənpərvərliyi, eyni zamanda, ölümün gözünə dik baxmağı bacaran şəhidlərimiz mühüm rol oynayıb. Ona görə də biz, ilk növbədə, bu müharibədə canını fəda etmiş şəhidlərə borcluyuq və onların ruhu qarşısında baş əyirik.

    Çıxış edənlər Vətənini, xalqını ürəkdən sevən qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid ata və analarının qarşısında hər zaman baş əydiklərini vurğulayıblar.

    Sonra söz şəhid atalarına verilib. Onlar çıxışlarında Vətən uğrunda canlarından keçən qəhrəman övladları ilə fəxr etdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Şəhid ataları oğulları Vətən uğrunda şəhid olsalar da, düşmən üzərində qazanılan şanlı Zəfərin yaratdığı böyük sevincdən təsəlli tapdıqlarını vurğulayıblar.

    Sonra məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

    Tədbirin sonunda şanlı Zəfərimizdən bəhs edən film nümayiş etdirilib.


    Bəradər,

    Zahir

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ