Milli Məclisin deputatı
Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar yalnız müəyyən bir hadisənin deyil, bütöv bir xalqın iradəsinin, əzminin və milli birliyinin təcəssümünə çevrilir. 8 Noyabr – Zəfər Günü məhz belə tarixi günlərdəndir. Bu gün xalqımızın yaddaşında milli qürurun, tarixi ədalətin və dövlətimizin qüdrətinin rəmzi kimi əbədi yaşayacaqdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri oldu. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlığı və qəhrəmanlığı ilə torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı. Döyüş meydanında nümayiş etdirilən misilsiz şücaət, xalqımızın həmrəyliyi və dövlətimizin qətiyyətli mövqeyi tarixi Qələbənin əsasını təşkil etdi.
Vətən müharibəsinin ən mühüm hadisəsi 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Qarabağın tacı hesab edilən Şuşanın azadlığı müharibənin gedişində həlledici dönüş yaratdı. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” ifadəsi isə xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı.
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyuldu. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoyaraq ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə etdi. 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla noyabrın 8-i Zəfər Günü elan edildi.
Bu Qələbə, ilk növbədə, Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığının, qazilərimizin fədakarlığının və Azərbaycan əsgərinin misilsiz rəşadətinin nəticəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların Vətən qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır. Bu gün müstəqil və güclü Azərbaycan onların müqəddəs amalının ən böyük təcəssümüdür.
Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməsi deyil. Bu tarix həm də dövlətçilik ənənələrimizin möhkəmlənməsini, milli birliyimizin gücünü və gələcək nəsillər qarşısında məsuliyyətimizi ifadə edir. Müharibə dövründə Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi həmrəylik, Vətən sevgisi və birlik hissi tariximizin ən qiymətli mənəvi sərvətlərindən biridir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yollar, yaşayış məntəqələri, sosial obyektlər inşa olunur, tarixi və mədəni abidələr bərpa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlanması Zəfərin davam edən quruculuq mərhələsini təşkil edir.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qazanılmış tarixi nailiyyətləri qorumaq, ölkəmizin inkişafını sürətləndirmək, regionda davamlı sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməkdir. Güclü dövlət, iqtisadi inkişaf və milli həmrəylik gələcək uğurlarımızın əsas təminatıdır.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində əbədi yaşayacaq. Bu tarix bizə bir daha sübut etdi ki, milli birlik, Vətən sevgisi və qətiyyət xalqı ən böyük məqsədlərinə çatdıra bilər. Zəfərimiz şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq və gələcək nəsillərə ötürüləcək milli qürur salnaməsidir.
Zəfər Günümüz mübarək! Qarabağ Azərbaycandır!
