Məzahir Əfəndiyev
Milli Məclisin deputatı
Bu il müdrik xalqımız Azərbaycan Prezidentinin Sərəncamına əsasən elan olunmuş "Şəhərsalma və Memarlıq İli"ndə artıq altı ildir olduğu kimi, 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd edir.
2020-ci il noyabr ayının 8-i bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu qələbə bayramı ilə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi. Məhz həmin gün qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.
Əlbəttə ki, son 30 ildə Azərbaycan dövləti və xalqı əldə olunan nailiyyətlərə çatmaq üçün ağır və bir o qədər də keşməkeşli yollardan keçib. 2020-ci il, sentyabr ayının 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum dörd qətnaməsini rəhbər tutaraq, 30 ildən artıq bir müddətdə ərazilərinin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi.
Həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, beləliklə Ermənistan kapitulyasiya aktına imza atdı. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın Şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.
Beləliklə, uzun illər həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz Zəfər, hər birimizə canı qədər əziz olan üçrəngli Bayrağımızın viran qoyulmuş şəhərlərimizdə dalğalanması ilə nəticələndi.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Böyük Sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm Zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.
Azərbaycan Respublikası Milli Məclisinin noyabrın 3-də keçirilən plenar iclasında Zəfər Günü münasibətilə qəbul edilən bəyanatda və Milli Məclisin sədrinin çıxışında da haqlı olaraq vurğulandığı kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyəti ildən-ilə daha dolğun şəkildə üzə çıxır. 44 günlük Vətən müharibəsində qələbənin mahiyyəti dörd fundamental anlayış üzərində dayanır: ədalət, dövlətçilik, hüquq və quruculuq.
Belə ki, torpaqlarımızın 30 illik işğalına son qoyuldu. 8 noyabr Zəfəri dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına yol açdı. 2023-cü ilin sentyabr ayında keçirilən birgünlük lokal antiterror əməliyyatı isə hərb tariximizin yeni şanlı səhifəsini təşkil etməklə ölkə ərazisində qanunsuz fəaliyyət göstərən xunta rejiminin varlığına son qoydu, tarixi ədalət bərpa olundu.
Dövlətlərin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn aliliyi bərqərar edildi. Keçən altı il ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasını, habelə regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli, çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirdi və ötən ilin 08 Avqust tarixində Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistan Baş naziri arasında Vaşinqton Bəyannaməsinin imzalanması ilə buna nail oldu.
Bu gün Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında gedən sürətli bərpa və quruculuq işləri, “Böyük Qayıdış” Dövlət Proqramının uğurlu icrası Azərbaycan dövləti, xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri isə bunun əyani sübutudur.
Eyni zamanda, bu qələbə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü dövlət quruculuğunun qanunauyğun yekunu oldu. Məhz Ümummilli Liderin yorulmaz səyləri nəticəsində müasir, müstəqil, demokratik Azərbaycan Respublikasının əsası qoyuldu, müstəqilliyimizin rəmzlərinə çevrilən Dövlət Bayrağı və Konstitusiya qəbul edildi, 08 noyabr tarixi isə xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsinə çevrildi.
Təsadüfi deyil ki, noyabr xalqımız üçün xüsusi əlamətdar aylardan biridir. Bu ay qədirbilən Azərbaycan xalqı Dövlət Bayrağı Günü və Konstitusiya Gününü böyük çoşqu ilə qeyd edir.
Bu gün Azərbaycan xalqı hər zaman olduğu kimi, ölkəmizə bu tarixi Zəfəri bəxş etmiş Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevə, qəhrəman şəhidlərimizə və qazilərimizə dərin minnətdarlığını bildirir, Zəfər Gününü böyük sevinc, qürur və fəxarətlə qeyd edir.
Qəhrəman xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq. Ölkə başçısının qeyd etdiyi kimi, “Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.”
