
5 noyabr 2026-cı il tarixində “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin Neftçilər filialında 8 Noyabr – "Zəfər Günü"ə həsr olunmuş “Nida qoyulan tarix” adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib.
Tədbirdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və şəhid atası Meyvəddin Ramaldanov qonaq qismində iştirak edib.
Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin bədii hissəsində Mərkəzin teatr sənəti və rəqs dərnəyinin üzvləri maraqlı kompozisiyalarla çıxış ediblər. İştirakçılar tərəfindən Vətənə, torpağa, qəhrəmanlığa və Zəfər sevincinə həsr olunmuş şeirlər səsləndirilib, rəqs nömrələri təqdim olunub. Həmçinin, Azərbaycanın şanlı Zəfər tarixini, 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbirin əsas məqsədi şanlı Zəfər tariximizi gənc nəslə tanıtmaq, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini aşılamaq, şəhidlərimizin xatirəsini yaşatmaq və uşaqlarda milli-mənəvi dəyərlərə, Vətənə bağlılıq və vətənpərvərlik hisslərini gücləndirməkdir.
Zəfər tariximiz qürurumuz, şəhidlərimiz baş tacımızdır!
Hüseynbala Həsən






