Sizin reklam burada
Sizin reklam burada
  • Paraatlet: Vətən müharibəsində ən ağır xatirəm döyüş yoldaşımın şəhid olmasıdır

    Vətən müharibəsi ilə bağlı ən ağır xatirəm döyüş yoldaşımın şəhid olmasıdır. Yaxın dostum İsmayıl Qəsəbovla eyni qrupda xidmət edirdik, döyüşlərdə də bir yerdə iştirak edirdik. Noyabrın 7-də o şəhid oldu, mən isə yaralandım. Bu, mənim üçün çox ağır idi. Lakin qarşımızda yerinə yetirməli olduğumuz döyüş tapşırığı və məqsədimiz var idi. Əsas istəyimiz həmin tapşırığı icra etmək idi.

    Bu sözləri  Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Vətən müharibəsi qazisi və paraatlet Rasim Yaxin deyib.

    O, 2011-ci ildən 2021-ci ilədək Daxili Qoşunlarda xidmət etdiyini bildirib: “2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmişəm. İlk döyüşlərimiz Murovdağ istiqamətində başladı. Daha sonra Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etdim. Noyabrın 7-də Şuşada yaralandım. Sol biləyimdən və sol gözümdən xəsarət aldım. İki gün yaralı vəziyyətdə orada qaldım. Daha sonra hospitala aparıldım. Müalicəmdən sonra İdman Akademiyasında reabilitasiya keçdim.

    Əslən tataram, amma Bakıda böyümüşəm. Atam da Bakıda doğulub. Özümü bakılı hesab edirəm. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə hələ olmamışam. Həmin ərazilərdəki dəyişiklikləri televiziya və videolar vasitəsilə izləyirəm. Görürəm ki, orada bərpa və quruculuq işləri aparılır, binalar tikilir, insanlar doğma evlərinə qayıdırlar. Bizim də əsas istəyimiz torpaqlarımızın işğaldan azad olunması və insanların öz evlərinə qayıtması idi”.

    R.Yaxin 2022-ci ildən paraatletika ilə məşğul olduğunu vurğulayıb: “Uşaqlıqdan idmana marağım olub. Reabilitasiyadan sonra Paralimpiya Komitəsinə müraciət etdim. Dövlət tərəfindən mənim üçün protez hazırlanarkən idmanla məşğul olmaq istədiyimi bildirdim. Bunun üçün xüsusi idman protezi də hazırladılar. Hazırda məşqlərimi həmin protezlə davam etdirirəm. İlk beynəlxalq yarışım İsveçrədə keçirilən Qran-Pri turniri olub. Həmin yarışda birinci yeri tutdum. 2023-cü ildə dünya çempionatında da iştirak etmişəm”.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ