Astara rayonunun Sərək kənd sakini, ictimai-siyasi fəaliyyəti və zəngin həyat yolu ilə seçilən ziyalı Əvəz Cümşüdovun 70 illik yubiley tədbiri keçirilib.
"Atributinfo.az" xəbər verir ki, Milli Qəhrəman Yalçın Nəsirov adına Astara rayonu, Sərək kənd tam orta ümumtəhsil məktəbi üzrə Ərazi Partiya Təşkilatında təşkil olunan yubiley tədbirində Yeni Azərbaycan Partiyası (YAP) Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov iştirak edib.
Rayon Təşkilatının sədri H. Cəfərov yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edib və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb. Həbib Cəfərov qeyd edib ki, Əvəz Cümşüdov kimi fəal, zəhmətkeş və ictimai həyata bağlı insanların keçdiyi həyat yolu gənc nəslə nümunədir.
Tədbirdə çıxış edənlər - ərazi partiya təşkilatının sədri, Sərək kənd məktəbin direktoru Nuranə Həmidova, kənd ziyalıları Balağa İsmayılov, Xanverdi Şirinov, qocaman müəllim Xanlar Həziyev, məktəbin direktor müavini Şamil İskəndərov da Əvəz Cümşüdovu yubiley münasibətilə təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, şəxsi həyatında və ictimai fəaliyyətində davamlı uğurlar arzulayıblar. Çıxışlarda vurğulanıb ki, insanın ən böyük qazancı ömrü boyu qazandığı hörmət, etimad və xeyirxah əməlləridir. Ə.Cümşüdov da məhz bu dəyərlərə söykənən həyat yolu ilə doğma obasında və onu tanıyan insanlar arasında layiqli hörmət qazanıb.
Əvəz Cümşüdov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. O, bundan sonra da ulu öndər Heydər Əliyev idealarına sədaqətlə xidmət edəcəyini söyləyib.
Sonda yubilyara Yeni Azərbaycan Partiyasının təbriknaməsi və qiymətli hədiyyə təqdim edilib.
Bəradər Səməndərli
"Atributinfo.az"
