Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyev: “Zəfər yalnız keçmişimizin fəxri deyil, gələcəyimizin məsuliyyətidir”


    8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix haqqında danışmaq mənim üçün həm böyük şərəf, həm də xüsusi məsuliyyətdir. Çünki bu hadisələrə yalnız tarixə nəzər salan bir insan kimi deyil, müharibə veteranı, ölkəmizin taleyinə görə məsuliyyət hiss edən vətəndaş kimi yanaşıram".

    Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Moderator.az-a açıqlamasında bildirib.

    Millət vəkili qeyd edib ki, müharibə haqqında danışmaq asandır. Amma müharibənin nə olduğunu, insanın Vətən qarşısında hansı məsuliyyəti daşıdığını, qələbənin hansı qiymətə başa gəldiyini yaşamaq tamam başqa məsələdir:

    "44 günlük Vətən müharibəsində biz təkcə torpaqlarımızı azad etmədik. Azərbaycan xalqının iradəsini, milli birliyini, dövlətimizin gücünü və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdik.

    2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın tarixi sınağı idi. Bu sınaqdan Azərbaycan xalqı, Azərbaycan Ordusu və Azərbaycan dövləti alnıaçıq çıxdı.

    Bu Zəfərin arxasında Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və ən əsası, şəhidlərimizin müqəddəs qanı dayanır. Şuşanın azad edilməsi hərbi və siyasi baxımdan müharibənin taleyini müəyyən edən tarixi hadisə oldu. 

    8 Noyabr yalnız bir şəhərin azad edildiyi gün deyil, Azərbaycanın milli qürurunun, tarixi ədalətin və dövlət suverenliyinin təntənəsidir.
    Zəfər yalnız keçmişimizin fəxri deyil, həm də gələcəyimizin məsuliyyətidir.

     Müharibə veteranları müharibənin nə demək olduğunu bilirlər. Şəhid ailələrinin ağrısını, qazilərimizin həyat mübarizəsini, Vətən uğrunda canından keçən insanların əziz xatirəsini unutmamalıyıq.

    Gənclər bu tarixi yalnız kitabdan oxumamalı, onu dərk etməli, mahiyyətini anlamalı və gələcək nəsillərə düzgün çatdırmalıdırlar.

    Xüsusilə bir məqamı qeyd etmək istəyirəm: Vətənpərvərlik yalnız əlinə silah almaq demək deyil. Vətənpərvərlik yaxşı təhsil almaq, peşəkar olmaq, dövlətin qanunlarına hörmət etmək, milli maraqları qorumaq, ölkənin inkişafına öz töhfəni verməkdir.

    Bu gün Azərbaycanın gəncliyi həm hərbi, həm elmi, həm texnoloji, həm də informasiya sahəsində güclü olmalıdır. Müasir dünyada təhlükəsizlik yalnız silahlı qüvvələrin gücü ilə ölçülmür. İnformasiya təhlükəsizliyi, kibermüdafiə, iqtisadi müstəqillik, elmi potensial və milli birlik də dövlətin gücünün ayrılmaz hissəsidir.

    Ermənistanla təxminən 200 kilometrlik sərhədi olan bölgəni təmsil edən deputat kimi bu məsələyə xüsusi həssaslıqla yanaşıram. Sərhəd bölgəsində yaşayan insanlar üçün təhlükəsizlik, sülh və sabitlik sadəcə siyasi anlayışlar deyil, gündəlik həyatın vacib şərtləridir.

    Biz müharibədən qalib çıxdıq. Bu gün əsas vəzifəmiz əldə etdiyimiz Zəfəri qorumaq, sülhü möhkəmləndirmək, azad edilmiş ərazilərimizi bərpa etmək və güclü dövlət quruculuğunu davam etdirməkdir.

    Azərbaycanın gəncləri gələcək rəhbərlər, alimlər, diplomatlar, hərbçilər, mühəndislər və dövlət xadimləri olacaqlar. Sabah ölkəmizin taleyi onların biliklərindən, dünyagörüşündən, vətənə bağlılığından və məsuliyyətindən asılı olacaq.

    Vətəni sevmək üçün onu tanımaq, tarixini bilmək, dövlətçiliyinə sahib çıxmaq və hər zaman onun maraqlarını üstün tutmaq lazımdır. Şəhidlərimizin bizə əmanət etdiyi Azərbaycanı daha güclü, daha təhlükəsiz və daha inkişaf etmiş dövlətə çevirmək hamımızın borcudur.

    Biz Zəfəri döyüş meydanında qazandıq. İndi isə onu elmimizlə, təhsilimizlə, iqtisadiyyatımızla, milli birliyimizlə və güclü dövlətçiliyimizlə yaşatmalıyıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa, veteranlarımıza cansağlığı arzulayıram.

    Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycan gəncliyi! Yaşasın Azərbaycan Ordusu! 8 Noyabr – Zəfər Günümüz mübarək olsun!".

    Pərvin Şakirqızı 


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ