Sizin reklam burada
Sizin reklam burada
  • 8 Noyabr Zəfəri Azərbaycan dövlətinin gücünün və milli birliyimizin təntənəsidir - RƏY

    8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yer tutur. Bu tarixi Qələbə ölkəmizin hərbi qüdrətini, xalqımızın sarsılmaz birliyini və Prezident İlham Əliyevin qətiyyətli siyasi liderliyini nümayiş etdirir.

    Bunu Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

    Deputat qeyd edib ki, 2020-ci ildə əldə olunan Zəfər yalnız döyüş meydanında qazanılmış uğur deyil, həm də uzun illər aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

    O qeyd edib ki, Azərbaycan 30 ilə yaxın davam edən işğal dövründə ağır itkilərlə üzləşsə də, ərazi bütövlüyünün bərpası məqsədindən geri çəkilmədi:

    “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müasir ordu quruculuğu tarixi Qələbənin əsaslarını formalaşdırdı. Güclü iqtisadiyyat, peşəkar Silahlı Qüvvələr və prinsipial diplomatiya Azərbaycanın qarşıya qoyduğu strateji məqsədə çatmasında həlledici rol oynadı”.

    S.Hüseynova vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində böyük hərbi uğurlar qazandı: "Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin gedişində dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın milli qürurunun rəmzinə çevrildi.

    Deputat qeyd edib ki, həmin dövrdə cəmiyyətin nümayiş etdirdiyi həmrəylik Qələbənin mühüm amillərindən biri oldu:

    "Xalqın orduya dəstəyi, Ali Baş Komandana inamı və ümummilli birlik “Dəmir yumruq” ifadəsində öz əksini tapdı.

    2020-ci ildə əldə edilən hərbi Qələbədən sonra Azərbaycanın dövlət suverenliyinin tam bərpası istiqamətində mühüm addımlar atıldı. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkənin bütün ərazilərində konstitusiya quruluşu bərpa olundu. Cənab Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağını ucaltması isə bu tarixi prosesin ən əlamətdar hadisələrindən biri oldu".

    S.Hüseynova Azərbaycanın hazırda əsas hədəflərindən birinin əldə edilmiş Qələbəni davamlı sülhə və regional inkişafa çevirmək olduğunu diqqətə çatdırıb. O, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmaları və sülh sazişi layihəsinin paraflanmasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.

    Deputat işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və Böyük Qayıdış proqramının icrası Azərbaycanın hərbi Qələbəsini sosial-iqtisadi inkişafla tamamlayır.

    S.Hüseynova şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının, onların sosial müdafiəsinin gücləndirilməsinin və qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinin daim prioritet olduğunu da vurğulayıb:

    “8 Noyabr – Zəfər Günü təkcə keçmişdə qazanılmış Qələbənin deyil, Azərbaycanın gələcəyə inamının, güclü dövlətçilik iradəsinin və milli həmrəyliyinin ifadəsidir. Bu tarixi nailiyyətin qorunması, şəhidlərimizin xatirəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur”.

     




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ