Sizin reklam burada
Sizin reklam burada
  • Qarabağ müharibəsində döyüşən deputat, Zəfəri yaşayan köməkçisi - TARİX


    Azərbaycanın müasir tarixində xüsusi yer tutan Qarabağ müharibələri müxtəlif nəsillərin taleyində dərin izlər buraxıb. Kimisi 1990-cı illərin əvvəllərində torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşulub, kimisi isə illərlə gözlədiyi Qələbənin iştirakçısına çevrilib. Bu gün Milli Məclisdə çalışan iki şəxsin – deputat Arzu Nağıyevin və onun köməkçisi Elşad İsmayılovun həyat yolu da məhz Qarabağ müharibələri ilə bağlıdır.

    Onlardan biri Birinci Qarabağ müharibəsinin iştirakçısı, digəri isə 44 günlük Vətən müharibəsinin veteranıdır.

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, ehtiyatda olan polkovnik Arzu Nağıyev Birinci Qarabağ müharibəsinin veteranıdır. Uzun illər dövlət təhlükəsizlik orqanlarında xidmət etmiş deputatın hərbi fəaliyyəti Azərbaycanın ən mürəkkəb dövrlərindən birinə təsadüf edir.

    Arzu Nağıyev 1989-cu ildən dövlət təhlükəsizliyi sahəsində fəaliyyət göstərib, sonrakı illərdə Dövlət Təhlükəsizliyi Komitəsi və Milli Təhlükəsizlik Nazirliyinin strukturlarında müxtəlif vəzifələr tutub. Əməliyyat müvəkkilindən şöbə rəisinədək yüksələn Nağıyev Birinci Qarabağ müharibəsi zamanı cəbhə bölgələrində bir sıra hərbi və xüsusi əməliyyat tapşırıqlarının icrasında iştirak edib.

    Modern.az-ın əldə etdiyi məlumatlara görə, onun döyüş yolunun başlanğıcı 1991-ci ilin aprel-may aylarında həyata keçirilən və hərbi tarixdə “Koltso” (“Üzük”) adı ilə tanınan əməliyyatla bağlıdır.

    Çaykənd və ətraf yaşayış məntəqələrini əhatə edən bu əməliyyatın elan olunmuş məqsədlərindən biri qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi idi. Sovet hərbi qüvvələrinin və Azərbaycanın müvafiq bölmələrinin iştirak etdiyi əməliyyatın gedişi, xüsusilə mülki əhalinin məcburi köçürülməsi ilə bağlı hallar beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında da tənqid olunub.

    Əldə edilən məlumatlarda Arzu Nağıyevin həmin dövrdə təhlükəsizlik orqanlarının əməkdaşı kimi əməliyyat-kəşfiyyat fəaliyyətinə cəlb olunduğu bildirilir.

    Onun hərbi xidmətində diqqətçəkən məqamlardan biri də 1991-ci ilin yay və payız aylarında Goranboy və Gədəbəy istiqamətlərində aparılan əməliyyatlarda iştirakı olub.

    Belə ki, Erkeç, Mənaşid, Şəfəq, Qaraçinar, Buzluq və Başqışlaq kəndləri istiqamətində həyata keçirilən əməliyyatlar zamanı Arzu Nağıyev kəşfiyyat məlumatlarının toplanması və döyüş tapşırıqlarını yerinə yetirən Azərbaycan bölmələrinə ötürülməsi ilə məşğul olub.

    O, həmçinin silahlı qrupların yerləşdiyi ərazilərin müəyyənləşdirilməsi, onların fəaliyyətinin qarşısının alınması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində iştirak edib.

    Xüsusilə 1991-ci ilin iyul-sentyabr aylarında Buzluq, Mənaşid və Erkeç istiqamətlərində, eləcə də Gədəbəyin Başkənd ətrafında aparılan əməliyyatlar onun hərbi xidmət yolunda mühüm yer tutub.

    Məlumatlara əsasən, Arzu Nağıyev 1994-cü ildə atəşkəsin əldə olunmasına qədər cəbhə bölgələrində fəaliyyətini davam etdirib. Bu müddətdə hərbi-kəşfiyyat tapşırıqları ilə yanaşı, əsir və girovlarla bağlı araşdırmalarda, onların dəyişdirilməsi proseslərində və digər xüsusi təhlükəsizlik tədbirlərində iştirak edib.

    Onun fəaliyyəti təkcə Goranboy və Gədəbəy istiqamətləri ilə məhdudlaşmayıb. Müharibə illərində Ağdam, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər, Qazax və digər cəbhə bölgələri də təhlükəsizlik orqanlarının əməliyyat fəaliyyətində mühüm yer tutub.

    Arzu Nağıyev 2020-ci ildə də döyüş bölgəsində olub.

    Birinci Qarabağ müharibəsindən illər sonra, 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində başlayan döyüşlər zamanı Arzu Nağıyev yenidən gərginliyin yaşandığı ərazilərə yollanıb. Bu dəfə o, cəbhə bölgəsində hərbçi deyil, Milli Məclisin deputatı kimi olub.

    İyul döyüşlərinin ilk günlərindən Tovuz rayonunda olan deputat Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərinə baş çəkib, yerli sakinlər və hərbçilərlə görüşüb.

    Həmin günlərdə artilleriya atəşləri nəticəsində yaşayış evlərinə və təsərrüfatlara ziyan dəysə də, kənd sakinləri öz doğma yurdlarını tərk etməyiblər.

    Arzu Nağıyev döyüş bölgəsindən yerli və xarici mediaya açıqlamalar verərək vəziyyət barədə ictimaiyyəti məlumatlandırıb. O, xüsusilə mülki əhalinin təhlükəsizliyi, sərhədyanı yaşayış məntəqələrində vəziyyət və sakinlərin əhval-ruhiyyəsi ilə bağlı məsələləri diqqətdə saxlayıb.

    Beləliklə, Birinci Qarabağ müharibəsində təhlükəsizlik orqanlarının zabiti kimi fəaliyyət göstərən Arzu Nağıyev illər sonra Tovuz döyüşləri zamanı da hadisələrin yaşandığı ərazilərdə olub.

    Deputatın köməkçisi isə 44 günlük müharibənin iştirakçısıdır.

    Arzu Nağıyevin Birinci Qarabağ müharibəsi ilə bağlı döyüş yolu olduğu halda, onun köməkçisi Elşad İsmayılovun hərbi təcrübəsi Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə ilə bağlıdır.

    Ehtiyatda olan baş leytenant Elşad İsmayılov 44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib.

    O, altı il əvvəl yaşadığı hadisələri, cəbhəyə yollanmasını və döyüş yoldaşları ilə bölüşdüyü çətin günləri Modern.az-a danışıb.

    Elşad İsmayılov bildirib ki, 2020-ci il sentyabrın 25-də Gəncə şəhərində yerləşən hərbi hissəyə təlimə cəlb olunub:

    “25 sentyabr 2020-ci ildə Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə təlimə cəlb olundum. Sentyabrın 26-da isə Göygöl rayonundakı hərbi hissəyə göndərildik. Oradan artilleriya briqadasına, daha sonra isə Murov istiqamətinə yollandıq.

    Sentyabrın 27-də müharibə başladı. İlk gündən əks-həmlə əməliyyatlarında iştirak etdim. Noyabrın 10-da imzalanan bəyanatdan sonra müharibə başa çatdı. Dekabrın 24-də Müdafiə Nazirliyinin əmri ilə ehtiyata buraxıldıq. Hazırda ehtiyatda olan baş leytenantam”.

    Müharibəyə yollanarkən ailəsini, övladlarını və yaşlı valideynlərini geridə qoyan Elşad İsmayılov həmin günlər keçirdiyi hissləri də bölüşüb.

    Onun sözlərinə görə, Vətən müharibəsinə qatılmaq uzun illər içində yaşatdığı bir arzunun gerçəkləşməsi idi.

    “Mən ailəmi, övladlarımı, yaşlı ata-anamı arxamda qoyaraq Vətənin keşiyində durmağa getdim. Bilirdim ki, Vətənin mənə ehtiyacı var. Ona görə də xidmətə can atır, tələsirdim.

    Mənim Vətənə bağlılığımın, xidmətə həvəsimin səbəblərindən biri də Birinci Qarabağ müharibəsi illərində yeniyetmə olarkən döyüşlərdə iştirak etməyi arzulamağım idi. O zaman 14-15 yaşım vardı. Qarabağın bizdən ayrı düşməsi mənim yaralı yerim idi. Uşaqlıqdan Qarabağ həsrəti ilə böyümüşəm. Bu illər ərzində ordumuzun qazandığı hər kiçik uğura, azad etdiyi hər yüksəkliyə görə sevinir, qürur duyurdum.

    Çox xoşbəxtəm ki, Qarabağın azad olunmasında mənim də əməyim keçib. Ordumuzun qəhrəmanlığını, şücaətini sözlə ifadə etmək mümkün deyil. Biz bu Zəfəri Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun qəhrəmanlığı sayəsində qazandıq.

    Ona görə də Zəfərimizdən 6 il deyil, 16 il, 66 il keçsə də, yenə eyni qürur, eyni sevinc və eyni fərəh hisslərini yaşayacağıq”.

    “Bizi bəsləyən bir tikə çörək deyildi, Zəfər sədaları idi”

    Elşad İsmayılovun yaddaşında müharibənin yalnız döyüş anları deyil, səngərdə yaşanan birlik və qardaşlıq münasibətləri də xüsusi yer tutur.

    O, döyüş yoldaşları ilə bölüşdüyü bir qurtum suyu, bir tikə çörəyi bu gün də unutmadığını deyir.

    “Müharibə vaxtı iki cür hərbçi vardı: səfərbərliklə gələnlər və həqiqi hərbi xidmətdə olanlar. Amma aramızda heç bir fərq yox idi.

    Biz bir qurtum suyu da bölüşürdük. Bir parça çörəyimiz olanda onu döyüş yoldaşlarımız arasında paylaşırdıq. Zabit, əsgər fərq etmirdi. Heç nə düşünmədən əlimizdə olanı bir-birimizlə bölüşürdük.

    Bəlkə də həmin bir tikə çörək heç birimiz üçün kifayət etmirdi. Ancaq hamımızın bir amalı vardı: Qələbə qazanmaq və bu sevinci xalqımıza yaşatmaq.

    Biz Qələbə xəbərlərini aldıqca daha da güclənirdik. Bizi bəsləyən bir tikə çörək deyildi, Zəfər sədaları idi”.

    Bu gün Milli Məclisdə birlikdə çalışan Arzu Nağıyev və Elşad İsmayılovun həyatında Qarabağ müharibələri fərqli dövrlərin xatirəsi kimi yaşayır.

    Birinin hərbi xidmət yolu Azərbaycanın müstəqilliyinin ilk illərində, digərinin döyüş yolu isə torpaqların işğaldan azad edildiyi 2020-ci ildə formalaşıb.

    Birinci Qarabağ müharibəsinin iştirakçısı olan deputatla Vətən müharibəsinin iştirakçısı olan köməkçisini birləşdirən əsas məqam isə hər ikisinin həyatında Qarabağın və hərbi xidmət illərinin xüsusi yer tutmasıdır.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ