Bəradər Səməndərli
SÖZÜNÜ ÜZƏ DE, ARXAMCA HÜRMƏ
(Bəzi "ağzıgöyçək"lərə)
Qadınla fərqin yox, ay yarım kişi,
Qaşına qara çək, üzünə sürmə.
Şeirdən, sənətdən başın çıxmayır,
İstehza edirsən şeirlərimə.
Axtarsan, külümdə köz tapacaqsan,
Diqqətlə yetirsən göz, tapacaqsan.
İbrət götürməyə söz tapacaqsan,
Xəbis yanaşmasan fikirlərimə.
Yağış var, dağları çıçəkləndirər,
Yaxşılar ömrünü çiçəkcən sürər.
Adətdir, arxadan köpəklər hürər,
Sözün var, üzə de, arxamca hürmə.
Xeyiri adlayıb, Şəri qət edən,
Yalanla baş qatıb, şirin vəd edən,
Yaşına sığmayan hərəkət edən,
Başına şal bağla, parçası tirmə.
Dünyaya ilk dəfə göz açan zaman,
Hər tərəf göründü gözümə duman.
Mən dindən-imandan söz açan zaman,
Sən "Fatma cici"dən misal gətirmə.
Bəradər, çiçək də saçmayır ətir,
İndi gül bağında tikanlar bitir.
Pulunu, paranı, malını itir,
Çalış qazandığın dostu itirmə.
HƏR ANIMIZ XATİRƏDİR
Sıxma mənə gözlərini,
Baxma elə nəmli-nəmli.
Hər anımız xatirədir,
Gah acılı, gah şirinli.
Qarışıq salmayaq barı,
Yaxşılarla-yamanları.
Unut getsin olanları,
Ömrü sürmə kinli-kinli.
Bayquşa xoşdu öz səsi,
Yay-qışı boşdu çevrəsi.
Tanımaq olmur heç kəsi,
İnsanlı, seytanlı-cinli.
Haqqa tapınsa müxtəsər,
Cihad etməz Xeyirlə Şər.
Bəradər, kaş bütün bəşər,
Olaydı imanlı-dinli.
UÇ AY QIZ!
Günahların yerə-göyə sığmadı,
Hədəqəni aşdı tamam suç, ay qız.
Bu ayrılıq alın yazın deyildi,
Özün etdin taleyini puç, ay qız.
Hədər etdin illərimi ömürdən,
Nədən ürək seçilmədi dəmirdən?
Köz axtarma ovxalanmış kömürdən,
Get, özünə başqa kösöv seç, ay qız.
Qocalıq var, axirət var qarşıda,
Mənəviyyat satılmayır çarşıda.
Bir gün çalınacaq ölüm marşı da,
Bu barədə düşündünmü heç, ay qız?
Sökülübdü ləyaqətin hörgüsü,
Çəkilibdi ziyarətin bölgüsü.
Cəhənnəmdən keçir sirat körpüsü,
Bacarırsan, bu körpüdən keç, ay qız.
Öz nəfsinin quluna çevrilmisən,
Dəniz yuyammaz, elə çirklənmisən.
Mənim üçün sən onsuz da ölmüsən,
Götür ölüm şərbətini iç, ay qız.
Tanrı deyilsən, qarşında əyiləm,
Təmiz eşqə, düz əxlaqa mailəm.
Daha əvvəlki Bəradər deyiləm,
Səndən mənə yar olmadı uç, ay qız!
YOLUMUZ
Çatılmışdıq, yana-yana sönürük,
Laməkan idik, məkana dönürük.
Qalxdığımız pilləkanı enirik,
Ta beşikdən məzaradı yolumuz.
Əvvəlki tək sözə baxmır bədən də,
Təntiyirik, bir azca yol gedəndə.
Can düşəndə, əllərimiz əsəndə,
Dərk eləyirik, haradı yolumuz.
Bu cahillər təkəbbürlük edirlər,
Pul-parayla hər günaha gedirlər.
Ölümün də bazarı var, deyirlər,
Elə həmin bazaradı yolumuz.
Görən niyə insan yolun azıbdı?
Biri ayaq, biri dayaq qazıbdı.
Doğuluşdan biletimiz hazırdı,
O naməlum qataradı yolumuz.
Fərq qoymadıq zərgər ilə dülgərə,
Qaşsız qaldıq, zər vermədik zərgərə.
Barmaq qoyduq işıq gələn yerlərə,
İndi daşa, divaradı yolumuz.
Səməndərli, heç nə yoxdu əbədi,
İnsan yükdü, ömür isə dəvədi.
Bizdən qalan oğul-uşaq, nəvədi,
Onlara bir işarədi yolumuz.
NEYLƏSİN
Nələr görməyibdi bu daş, bu qaya,
Səribdi üzunə dumandan həya.
Sınıq pəncərəmdən baxıb dünyaya
Çırpınır sinəmdə ürək, neyləsin.
Vay ola, üstunə quduz it hürə,
Solundan, sağından yeyə bit-birə.
Çəkib ayağından vurarlar yerə,
Arxa boş olanda, kürək neyləsin.
İblisə, şeytana uyan da insan,
Günahı savabla yuyan da insan;
Dizinin üstünə qoyanda insan,
Çəkilər qəhətə çörək, neyləsin.
Hər kəsə bir ömür verib Yaradan,
Adam var betərdir qara yaradan.
Seçib ayırammır ağı qaradan,
Xəlvirdən keçənə ələk neyləsin.
Bəradər, olmusan şeir xəstəsi,
Hər misra gül ətri, çıcək dəstəsi.
Beşikdən məzara daşınan kəsi,
Torpağa qoyanda, bələk neyləsin.
BÖYÜK GÜCLƏR LƏPƏLƏNİR
Gölməçələr olub dərya,
Kaş, nəmli gözlər quruya.
Təlatümə gəlib dünya,
Böyük güclər ləpələnir.
Əlindəki qoşa zərdi,
Önündəki daş əsərdi.
Qurtarmayan dərdi-sərdi,
Çözüldükcə, çözələnir.
Hər gələn bir yolla gedir,
Şər gələn şər yolla gedir.
Qabağınca molla gedir,
Arxadan lənət çilənir.
Kimin çatar ki, cürəti,
Gündüz eyləsin zulməti?
Torpaq Tanrı mülkiyyəti,
İnsan ona yiyələnir.
Özlərini xar edənlər,
Gözlərini kor edənlər;
Allahı inkar edənlər,
Şeytanamı qürrələnir?
Yoxdu orta təbəqə də,
Çoxdu yığan sədəqə də.
Yarı yüksək təbəqədə,
Yarı sürünür, dilənir.
İndi başqalaşıb niyyət,
Nə din qalıb, nə şəriət.
Bulandıqca bəşəriyyət,
Səməndərli qüssələnir.
OLARDI
Qanmayanlar hesab çəkir qananla,
Ayaqlaşmaq olmur nədən zamanla?
Hamı yaşasaydı dinlə, imanla,
Nə dərdimiz, nə acımız olardı.
Halallıqla tutularsa mayası,
Getməz o şəxsin abırı, həyası.
Anaların namaz üstə duası,
Çətin gündə əlacımız olardı.
Dağla fərqi görünərdi aranın,
Qədrini bilərdik ötən hər anın.
Arxasınca düşməzdik pul-paranın,
Tək insanlıq amacımız olardı.
O vaxt da qayğımız başdan aşardı,
Sevincimiz qaynayardı, daşardı.
Hamı orta səviyyədə yaşardı,
Nə toxumuz, nə acımız olardı.
Poeziya, seir-sənət məclisi,
Dərsdənkənar dərnəklərin tədrisi;
Böyüklərin nəsihəti, hədisi
Beynimizdə umacımız olardı.
Səməndərli, nə kövrəkdi bayatın?
Dadı itib, düzü qaçıb həyatın.
İndi dananlar var kökün, soyadın,
Soy-kökümüz inancımız olardı.
AMANDI
Daha sən gördüyün zaman keçibdi,
Başını başsıza qoşma amandı.
Doğrunu oğrudan ayırmaq olmur,
Arxamız, önümüz sısqa dumandı,
Başını başsıza qoşma, amandı.
Nə çoxdu itirən, tapmayan başın,
Tökən yox ətəkdən şeytanın daşın.
Günahdan uzaqlaş, Allaha daşın,
Hidayət yolumuz dindi, imandı,
Başını başsıza qoşma amandı.
Onsuz da çəkilib, gedir kölgələr,
Boşalır dalanlar, tinlər, döngələr.
Daha bəy-gəlini güdmür yengələr,
Bu adət yığışıb gör nə zamandı,
Başını başsıza qoşma amandı.
Başsıza baş qoşsan, başsız qalarsan,
Torpaqsız qalarsan, daşsız qalarsan.
Ağarar saçların, vaxtsız solarsan,
Bəradər, görürsən baş aparandı,
Başını başsıza qoşma amandı.
