Mithad Sayadov
Qax Rayon Dövlət Arxivinin müdiri
2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış mühüm tarixi addımlardan biri oldu. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən sonra imzalanan üçtərəfli Bəyanata uyğun olaraq Kəlbəcərin Azərbaycana qaytarılması ilə uzun illər davam edən yurd həsrətinə son qoyuldu. Bu tarixi nəticə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, düşünülmüş strategiyasının, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin təntənəsi idi.
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər zəngin tarixi irsi, qədim abidələri və təbii ehtiyatları ilə seçilən rayonlardandır. Rayonun iqtisadi potensialını müəyyən edən əsas amillər sırasına müalicəvi tərkibi ilə tanınan, kurort-sanatoriya turizminin və mineral su sənayesinin inkişafı üçün unikal resurs sayılan İstisu mineral bulaqları, eləcə də qiymətli süxurlar və zəngin faydalı qazıntı yataqları daxildir. Bu ehtiyatların arasında qızıl yataqları, civə, xromit və digər mineral xammal mənbələri xüsusi əhəmiyyət daşıyır.
Lakin bu qədim Azərbaycan torpağı 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində Kəlbəcər sakinləri doğma yurdlarından didərgin salındı, yüzlərlə insan həyatını itirdi, yüzlərlə insan əsir və itkin düşdü. Rayonun tarixi-mədəni irsinə, sosial infrastrukturuna, yaşayış evlərinə və iqtisadi potensialına ciddi ziyan vuruldu. Bir zamanlar həyatın qaynadığı kəndlər, qəsəbələr və şəhər viran qoyuldu.
1930-cu ildə inzibati rayon statusu verilən Kəlbəcərin əhalisi işğala qədər 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu işğal BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsində də öz əksini tapmış, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb edilmişdi. Təəssüf ki, uzun illər ərzində bu qətnamənin icrasının təmin edilməməsi beynəlxalq hüququn selektiv tətbiqinin və beynəlxalq ictimaiyyətin ikili standartlarının bariz nümunəsinə çevrildi.
Azərbaycan dövləti isə bütün bu illər ərzində öz prinsipial mövqeyindən geri çəkilmədi. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan sülh danışıqlarını davam etdirməklə yanaşı, güclü ordu quruculuğunu, iqtisadi inkişafı və dövlət institutlarının möhkəmləndirilməsini prioritet istiqamətlər kimi müəyyənləşdirdi.
2020-ci ilin Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Müharibənin ilk günlərindən Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi Ermənistan silahlı qüvvələrinin hərbi-logistik imkanlarını ciddi şəkildə məhdudlaşdırdı.
Nəhayət, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Beləliklə, 27 illik işğala son qoyuldu və Kəlbəcər öz tarixi sahibinə qovuşdu.
Bugün işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində bölgənin sosial-iqtisadi potensialının bərpası, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərin kəndlərinin yenidən qurulması xüsusi əhəmiyyət daşıyır.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali).
Kəlbəcərdə məskunlaşma davam edir və hal-hazırda rayonun ərazisində 162 ailə olmaqla 681 nəfər məskunlaşıb.
Həyata keçirilən layihələr sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə, kənd həyatının yenidən canlandırılmasına xidmət edir. Kəlbəcərin iqtisadi potensialının bərpasında mühüm istiqamətlərdən biri də məşhur İstisu mineral sularının yenidən istehsal və iqtisadi dövriyyəyə qaytarılmasıdır. İşğal dövründə fəaliyyəti dayandırılmış bu qiymətli təbii sərvətin yenidən ölkə iqtisadiyyatına qazandırılması dövlətimizin həyata keçirdiyi bərpa siyasətinin mühüm nəticələrindəndir. 2024-cü ildə istifadəyə verilmiş “İstisu” mineral su zavodu bölgənin sənaye potensialının inkişafında mühüm rol oynayır. Bununla yanaşı, “İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması Kəlbəcərin gələcəkdə mühüm sağlamlıq və turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar açır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş Kəlbəcərə səfərləri bölgənin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının 25 avqust 2023-cü il tarixində Kəlbəcərə səfəri zamanı bir sıra mühüm infrastruktur layihələrinin açılışı və tikinti işləri ilə tanışlıq həyata keçirilmişdir.Səfər çərçivəsində Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı olmuş, “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq keçirilmişdir. Eyni zamanda, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları istifadəyə verilmiş, Zar kəndinin təməlqoyma mərasimi keçirilmişdir. Bu layihələr Kəlbəcərin enerji potensialının reallaşdırılması, iqtisadi fəallığın artırılması və bölgənin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Kəlbəcərdə həyata keçirilən quruculuq işlərinin digər mühüm istiqaməti nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası bölgənin ölkənin digər əraziləri ilə əlaqəsinin yaxşılaşdırılmasına, turizm imkanlarının genişləndirilməsinə və iqtisadi inkişafına xidmət edir. Kəlbəcərdə görülən işlər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş əraziləri yalnız bərpa etmir, həm də həmin torpaqlarda müasir həyat standartlarına uyğun yeni yaşayış mühiti yaradır. Burada qurulan hər bir yaşayış evi, çəkilən hər bir yol, istifadəyə verilən hər bir müəssisə xalqımızın Böyük Qayıdış arzusunun gerçəkləşməsinə xidmət edir. Bu gün Kəlbəcər yenidən dirçəlir, öz tarixi simasına qovuşur.
2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan dövlətinin hərbi-siyasi strategiyasının, diplomatik fəaliyyətinin, güclü ordusunun və xalq-iqtidar birliyinin uğurlu nəticəsi kimi tarixə düşdü. Kəlbəcərin azad olunması bir daha nümayiş etdirdi ki, Azərbaycan öz milli maraqlarını, ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmində olan güclü dövlətdir.
