(Elyar Səmədli)
Güney Azərbaycanın Makı şəhərindən və 1965 doğumludur. O, şair, yazıçı və jurnalistdir. Onun indiyədək dörd cild "Yanıq mahnılar", "Dumanlı duyğular", "Son görüş" və "Səsdir qalan" adlı şeir kitabları işıq üzü görübdür.
Məhəbbət nəğməsi
Bax bizim dağların qız bənizinə
Lalə yarpağından leçəyi vardı
Nərgizlər boy verir adam dizinə
Tər bənövşə dolu ətəyi vardı.
O uca dağların başında qaram
Pozulmaz ilqaram, sınmaz vüqaram
İllərdi məhəbbət işində varam
Bu işdə əlimin əməyi vardı.
Yaxşı iş yaxşıdı, kim nə deyib ki?
Yaman var yaxşının donun geyib ki!
"Düz, əyrini kəsər", amma heyif ki,
Bəzən əyri işin çörəyi vardı.
Əyri, çörək salsa, yayılmır ətə
Qurbanam düzlükdə o bərəkətə
Atalar sözünü salma qürbətə
Bu sözdə balların pətəyi vardı.
Ürəyin həniri, odu məhəbbət
Bütün yazıların adı məhəbbət
Həyatın məzəsi, dadı məhəbbət
Bunu bilməyənin kötəyi vardı.
Bir məsəl var:" Əcəl gələr, can gedər"
"Elyar"ın ömürünü eyləmə hədər!
Qıyma onu bərkə salsın qəm-kədər
Çünkü bir yumuşaq ürəyi vardı.
Makı, Genəş ili, 1405/03/25
