Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar zamanı 12 terrorçu öldürülüb.
Bu barədə Pakistan Ordusunun media qanadı olan Xidmətlərarası İctimaiyyətlə Əlaqələr şöbəsinin açıqlamasında bildirilib. Məlumata görə, noyabrın 20-dən 23-dək Nuşki, Sibi, Pəncqur və Keç rayonlarında kəşfiyyat məlumatları əsasında bir sıra əməliyyatlar keçirilib. Əməliyyatlar terrorçuların sığınacaqlarını və hərəkətlərini hədəfə alıb.
Bildirilib ki, noyabrın 20-də Nuşki rayonunda 8, noyabrın 21-də Sibi rayonunda 2 terrorçu öldürülüb. Pəncqur və Keç rayonlarında keçirilən ayrı-ayrı əməliyyatlar zamanı isə daha 2 terrorçu zərərsizləşdirilib.
Əməliyyatlar zamanı silah və sursat da müsadirə edilib.
Pakistan təhlükəsizlik qüvvələri xaricdən maliyyələşdirilən terrorizmin aradan qaldırılması məqsədilə antiterror əməliyyatlarının davam etdiriləcəyini bəyan edib.
