Sizin reklam burada
Sizin reklam burada
  • Astronomlar Günəşdən 500 trilyon dəfədən çox parlaq kvazar aşkar ediblər

    Avropa Cənub Rəsədxanasının (ESO) nəhəng teleskopundan istifadə edən astronomlar rekord səviyyədə genişlənən və parlaq kvazar aşkar ediblər. Kvazarlar uzaq qalaktikaların parlaq nüvələridir və onlar superkütləli qara dəliklərlə təchiz olunublar. Bu rekord qıran kvazar hər gün Günəşə bərabər kütlə ilə böyüyür və bu, onu indiyədək ən sürətlə genişlənən qara dəliyə çevirir.

    Kvazarları təchiz edən qara dəliklər ətraf mühitdən maddəni o qədər enerjili prosesdə toplayır ki, onlar çoxlu miqdarda işıq yayır. Onlar səmamızdakı ən parlaq cisimlərdən biridir, yəni hətta uzaqdakılar belə Yerdən görünür. Bir qayda olaraq, ən parlaq kvazarlar daha sürətlə böyüyən superkütləli qara dəlikləri göstərir.

    “Bu günə qədər məlum olan ən sürətlə böyüyən qara dəliyi kəşf etdik. Onun kütləsi 17 milyard Günəşə bərabərdir və gündə bir Günəşdən çox göy cismi udur. Bu, onu məlum Kainatdakı ən parlaq obyektə çevirir”, - deyə Avstraliya Milli Universitetinin (ANU) astronomu və “Nature Astronomy” jurnalında dərc olunmuş tədqiqatın aparıcı müəllifi Kristian Volf bildirib. J0529-4351 adlanan kvazar Yerdən o qədər uzaqdadır ki, işığının bizə çatması 12 milyard ildən çox vaxt aparıb.

    Bu qara dəliyə disk şəklində çəkilən maddə o qədər enerji yayır ki, J0529-4351 Günəşdən 500 trilyon dəfədən çox parlaqdır. “Bütün bu işıq diametri yeddi işıq ili olan isti akkresiya diskindən gəlir. Bu, Kainatdakı ən böyük akkresiya diski olmalıdır”, - deyə tədqiqatın həmmüəllifi Samuel Lai bildirib. Yeddi işıq ili Günəşdən Neptunun orbitinə qədər olan məsafənin təxminən 15 000 dəfəsidir.

    Astronomlara görə, təəccüblüdür ki, bu rekord qıran kvazar göz qabağında gizlənirdi. ANU-nun astronomu Kristofer Onken bildirib: “Təəccüblüdür ki, bu günədək həmin kvazar naməlum qalıb. İndiyədək sözün əsl mənasında kosmosdan üzümüzə baxırdı”. O əlavə edib ki, bu obyekt 1980-ci ilə aid ESO-nun “Schmidt Southern Sky Survey” icmalından götürülmüş şəkillərdə görünüb, lakin onilliklər ərzində kvazar kimi tanınmayıb.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ