Sizin reklam burada
Sizin reklam burada
  • Hesabat: Dünyada hər saat beş qadın partnyorları və ya ailə üzvləri tərəfindən qətlə yetirilir

    BMT-nin çərşənbə axşamı dərc olunan yeni rəqəmlərinə görə, 2025-ci ildə təxminən 47 min qadın və qız intim partnyorları və ya ailə üzvləri tərəfindən öldürülüb. Bu, hər saatda qətlə yetirilən beş qadın deməkdir.

     BMT Qadınlar Təşkilatının son hesabatına görə, dünya üzrə hər üç qadından təxminən biri fiziki və ya cinsi zorakılığa məruz qalıb, lakin bu barədə onların cəmi yeddi faizi polisə məlumat verir. Bu, qadınlara qarşı zorakılıq faktlarının araşdırılması sahəsində hüquq-mühafizə orqanlarına inamsızlığı nümayiş etdirir.

    BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və BMT Qadınlar Təşkilatı tərəfindən Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Gündən əvvəl dərc edilən 2026-cı il hesabatında keçən il dünyada qadın və qızların qəsdən öldürülməsi üzrə 78 min faktın 50 faizinin arxasında partnyorların və qohumların dayandığı aşkar edilib. Qeyd olunub ki, sağ qalanların bir çoxu üçün zorakılıq barədə məlumat vermək hər şeyi - evlərini, uşaqlarını, maliyyə təhlükəsizliyini, hətta həyatlarını riskə atmaq demək ola bilər.

    Nyu-Yorkda BMT-nin qərargahında jurnalistlərə brifinq verən BMT Qadınlar Təşkilatı icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda qadınların onları qorumaq üçün nəzərdə tutulmuş sistemlərə inamını itirdiyini deyib. O əlavə edib: “Sükunət əksər ölkələrdə daha da güclənir. Bu gün əvvəlkindən daha az qadın kömək axtarır. Biz geriyə doğru gedirik. Məlumatlarımız göstərir ki, qlobal miqyasda ədalət sistemləri susqunluğu qadının edə biləcəyi ən təhlükəsiz seçim edir”.

    Hesabat 54 ölkədən əldə edilən məlumatlara əsaslanır və qadınların məhkəmələrə müraciət etməkdə üzləşdiyi maneələri araşdırır. Məlum olub ki, təxminən 840 milyon qadın və qız həyatları boyu fiziki və cinsi zorakılığa məruz qalıb, lakin sağ qalanların cəmi 23 faizi ailələrindən, icmalarından və ya hakimiyyət orqanlarından kömək istəyir. Eyni zamanda, bildirilən halların 63 faizi məhkumluqla nəticələnmir.

    Statistikaya görə, Asiyada sağ qalanların cəmi 16 faizi, Afrikada 31 faizi, Latın Amerikası və Karib dənizində isə 40 faizi zorakılıq halları ilə bağlı kömək istəyib. Avropa İttifaqında qadınların 64 faizi bu cür faktlar barədə yaxınlarına məlumat verir, lakin cəmi 14 faizi polisə müraciət edir.

    Zorakılıq halları sosial şəbəkələrdə də geniş yayılır. Sorğuya cəlb edilən ictimaiyyətçi qadınların, o cümlədən insan haqları müdafiəçiləri, fəallar və jurnalistlərin 70 faizi zorakılıqla üzləşib. Bundan başqa, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, qadınlar rəqəmsal məkanlardan və ictimai həyatdan sıxışdırılır.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ