Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü
Azərbaycan - Türkiyə münasibətləri müasir dövrümüzdə dövlətlərarası əlaqələr tarixində rast gəlinməyən nadir nümunədir. Bu dostluq və qardaşlıq münasibətləri zamanın sınaqlarından keçərək özünəməxsus tarix yaradıb. Qardaşlıq epopeyası yazan xalqlarımız və dövlətlərimiz ən çətin, ən mürəkkəb günlərdə bir-birinin yanında dayanıb, bir-birinə arxa olublar. Xoş günlərdə də ölkələrimizin eyni bayramı bölüşməsi, eyni sevincə şərik olması bu doğmalığın davamıdır. Türkiyə Prezidentinin Zəfər Günümüzdə Qarabağa səfəri də iki ölkənin sevincinin, qürurunun və taleyinin nə qədər sıx bağlı olduğunu nümayiş etdirən tarixi hadisə oldu. Qarabağda yaşanan Zəfər sevincinin Türkiyə Prezidenti ilə bölüşülməsi xalqlarımız arasındakı doğmalığın və qardaşlığın tarixində daha bir unudulmaz səhifə açdı. Zəfər Bayramını Azərbaycan qardaşlıq duyğuları ilə qarşıladı, Türkiyə ilə eyni sevincin, eyni qürurun içində qeyd etdi. Çünki Qarabağ savaşında Türkiyənin mənəvi və diplomatik dəstəyi iki xalqın tarixdən gələn qardaşlığını sözlərin fövqünə yüksəltdi. Qardaş ölkənin liderinin gözəl Qarabağımıza səfəri, Prezident İlham Əliyevlə görüşləri bu qardaşlığın zamanın sınaqlarından keçən canlı ifadəsi oldu.
Şuşada iki qardaş ölkə liderinin görüşü ortaq tarixin yaddaşına yeni bir səhifə yazdı. Bu qədim şəhər həmin gün iki xalqın sevincini, Zəfər qürurunu və gələcəyə uzanan qardaşlıq əzmini yenidən bir araya gətirdi.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi Türkiyənin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək, iki xalqın sarsılmaz qardaşlığı, Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti və gələcək əməkdaşlığın perspektivləri onu göstərdi ki, Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır. Türkiyənin müharibənin ilk saatlarından nümayiş etdirdiyi qətiyyətli mövqe Azərbaycanın haqq mübarizəsinə əlavə güc verdi. Şuşadan səsləndirilən mesajların başlıca qayəsi isə Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyini və gələcək nəsillər üçün də dəyişməz qalacağını dünyaya nümayiş etdirmək idi.
Ərdoğan altı il əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə birləşən Azərbaycan xalqının böyük qəhrəmanlıq göstərərək Qarabağı işğaldan azad etdiyini bildirməklə bu şanlı Zəfərin Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün Türk coğrafiyasının qürur mənbəyi olduğunu vurğuladı. Xüsusilə qeyd etdi ki, heç bir qüvvə qardaşlığımıza kölgə sala bilməz. Türkiyə lideri onu da bəyan etdi ki, 2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə ilə müttəfiqlik münasibətləri səviyyəsinə yüksəltdiyimiz qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi, bu gün də, sabah da öz məqsədlərinə əsla çata bilməyəcəklər.
Cənab Ərdoğan haqlı idi. Çünki bir ananın iki övladı kimi Azərbaycan və Türkiyə xalqlarını ortaq tarix, dil, kök və mənəvi dəyərlər birləşdirir. Bu qardaşlıq nəsillərdən-nəsillərə ötürülən, zamanın sınaqlarından keçən əbədi bağlılıqdır. Tarixin ağır günlərində bir-birinə dayaq olan bu iki xalqın həmrəyliyi Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Bu gün Şuşadan dünyaya ünvanlanan mesajlar isə ortaq taleyimizin və gələcəyə hesablanmış birliyimizin ifadəsidir.
Dünya üçün əbədi qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinə heç bir qüvvə mane ola bilməz. Türk dünyasının iki qlobal liderinin iradəsi qarşısında bu birliyi sarsıtmaq istəyənlərin bütün cəhdləri nəticəsiz qalacaq. Qəhrəmanlıq şəhərimiz Şuşadan verilən aydın mesajlar bir daha təsdiqlədi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz həmrəyliyə söykənir. “Azərbaycanın haqqını kimsəyə yedirmərik”, “Türkiyə burada yoxdur, amma mən buradayam” mesajları uzaq tarix deyil!
