YAP Astara rayon təşkilatının sədri
Azərbaycan ilə Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. 1992-ci ildə iki dövlət arasında qurulan diplomatik əlaqələr uğurla inkişaf edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana işgüzar səfəri münasibətlərdə yeni səhifənin başlanğıcı oldu. Ukrayna Prezidenti bildirdi ki, bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub. Ötən il görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik, eyni zamanda, Ukraynaya eyni münasibəti görmüşük. Səfər çərçivəsində keçirilən görüşlərdə sülh sahəsində səylərin müzakirə edildiyini vurğulayan Volodimir Zelenski qeyd etdi ki, bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə.
İki ölkə arasında mövcud əlaqələr, həmçinin yeni sahələr üzrə əməkdaşlığın zəruriliyi geniş müzakirə edildi. Prezidentlərin mətbuata bəyanatlarında cənab İlham Əliyev bildirdi ki, müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.
Hərbi-texniki əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Azərbaycan və Ukrayna bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir.
Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində artan nüfuzu, möhkəmlənən mövqeyi ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə uğurlu inkişafında özünü aydın şəkildə nümayiş etdirir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri də bu kimi məqamlara işıq salır. Çexiya-Azərbaycan münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, ölkələrimiz arasında əməkdaşlıq artıq uzun illərə söykənir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.
Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir. Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.
Səfər çərçivəsində keçirilən Azərbaycan-Çexiya biznes-forumu hər iki ölkənin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir. Çex Respublikasının Baş naziri Andrey Babiş isə qeyd etdi ki, bugünkü forum, əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu bizim üçün çox önəmlidir.
