30 oktyabr 2022-ci il tarixdə qəhrəman Şəhidimiz Həsənli Amid İsaq oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirildi.
Mərasimdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edərək qeyd etdi ki, torpaq uğrunda, yurd yolunda canından keçən insanların ən yüksək məqamıdır Şəhidlik. Vətənin azadlığını canı ilə qazanıb qanı ilə yazmaqdır Şəhidlik. Ruhunda ölümdən güclü, həyatdan şirin bir sevgi daşımaqdır. O sevgi güc-qüvvət, cəsarət Amid kimi qardaşlarımızın qanında və canında idi . Amidin timsalında bütün şəhidlərimizdə olan o milli ruh, vətənsevərlik onları hər zaman hörmətlə və ehtiramla xatırlanan dastana çevirdi. Sonda rayon rəhbərliyi tərəfindən sinələrini sipər edib ən yüksək ali məqama yüksələn oğullarımızın bizim qürur mənbəyimiz olduğu, onların bu qəhrəmanlıqlarının əbədi olaraq xalqımızın qəlbində yaşayacağı, gələcək nəsillərə bir örnək olacağı və xalqımızın bu oğullarımız ilə fəxr etdiyi bir daha vurğulandı.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Zahir Məmmədov
