Sizin reklam burada
Sizin reklam burada

Ermənilərin 200 illik mifi dağıdıldı

Ermənilərin 200 illik mifi dağıdıldı Elmar Kərimov,
Notariat Palatasının İdarə Heyətinin üzvü,
Bakı şəhəri 28 saylı Notariat Ofisinin notariusu

Tarixi qələbəmiz hələ çox müzakirə olunacaq


Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı və ədliyyəmizin qarşıdan gələn yubileyi respublikamızda bu dəfə daha böyük sevinclə, daha böyük coşqu ilə qeyd olunacaq. Bu da səbəbsiz deyil, nəhayət, Azərbaycan 30 ildən sonra heç bir beynəlxalq quruma arxayın olmadan öz güclü ordusu ilə erməni yağılarını torpaqlarımızdan qovdu. Doğrusu, qazanılan qələbənin dəyəri o qədər böyükdür ki, bunu bir yazıya yox, heç cild-cild kitablara da sığışdırmaq mümkünsüzdür.
Biz notarial xidmətin əməkdaşları, peşəmizə görə daim vətəndaşlarla üz-üzəyik. Belə günlərdə insanlara azacıq diqqət yetirmək kifayətdir ki, onlarda qələbənin yaratdığı sevinc hisslərini görə biləsən. Əgər vətəndaşlarımız ürəkdən öz Ali Baş Komandanından razılıq edirsə, əsgər və zabitlərimizin qəhrəmanlığından ağızdolusu danışırlırsa, onda qarşıda bizləri daha firavan həyat gözləyir.
Bu bir həqiqətdir ki, Azərbaycan öz bugünkü firavanlığına qovuşmaq üçün çox keşməkeşli, əzablı-ağrılı proseslərdən keçməli olmuşdur. Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü - 28 may 1918-ci ildə təsis edilmişdir. 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizi bərqərar etmiş, ölkəmizdə demokratik-hüquqi dövlət qurulmuşdur. Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətdə yeri və rolu xeyli dərəcədə artmış, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Bu gün notariat institutunun inkişafı, notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması, özəl notariatın və elektron notariatın geniş tətbiqi sözsüz ki, müasir standartlara cavab verən xidmətin göstərilməsi deməkdir.
Təbii ki, bu günün başlıca mövzusu torpaqlarımızın erməni işğalından azad edilməsidir. Ədliyyə işçilərinin qarşıdan gələn peşə bayramlarını hansı ruhda qeyd edəcəklərini təsəvvür etmək çətin deyil. İndi bütün Azərbaycan xalqı sevinc, şadlıq içindədir. Bu böyük, tarixi nailiyyəti bizə böyük sərkərdəmiz, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev və onun rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusu bəxş etdi. Əsgərlərimiz və zabitlərimiz döyüşlərdə ağlasığmaz dərəcədə rəşadət göstərdilər. İgid oğullarımız düşmənin nəinki burnunu əzdilər, həm də mənfur ermənilərin belini sındırdılar. Azğınlaşmış qonşulara elə bir dərs verildi ki, çətin onlar bir də geriyə baxsınlar, Qarabağın adını tutsunlar.
Mən bura çatanda ulu öndərimiz Heydər Əliyevin ömrünün son günlərində cənab Prezident İlham Əliyev haqqında dediyi bir fikiri xatırlatmaq istərdim: “Mən ona özüm qədər inanıram. İnanıram ki, o, mənim başa çatdıra bilmədiyim işləri uğurla tamamlayacaq”.
Onsuz da möhtərəm Prezidentimiz 17 il idi ki, ölkədə nəhəng dinc quruculuq işləri aparırdı. Azərbaycanı regionun lider dövlətinə çevirməyi bacarmışdı. Paralel olaraq Dağlıq Qarabağın erməni işğalından azad edilməsi üçün ardıcıl diplomatik səylər göstərirdi. Özü də bu işi səbirlə, təmkinlə görürdü, beynəlxalq hüququn normalarına əsaslanırdı. Eyni zamanda öz xəbərdarlığını da edirdi: “Əgər torpaqlarımız bizə sülh yolu ilə qaytarılmazsa, onda hərb yolunu seçəcəyik”.
Dünyanın nüfuzlu təşkilatları, ATƏT-in Minsk Qrupunun üzvləri bütün bu deyilənləri yumşaq desək, “qulaqardına vurdular”. Unutdular ki, Azərbaycanın bunun üçün əlində kifayət qədər əsaslar var, BMT-nin 4 qətnaməsi var və s.
İndi baş verənlər göz qabağındadır. Dünya gördüklərinə inanmır, bizi istəməyənlərin qanı damarlarında donub. Azərbaycan Ordusu XXI əsrin hərb tarixinə düşəcək misilsiz rəşadət göstərdi. Bizə başda qardaş Türkiyə olmaqla, bir sıra dövlətlər dəstək verdi. Eyni zamanda müharibə zamanı ölkəmizə, Ali Baş Komandanımıza qarşı nə qədər təzyiq və təhdidlər oldu. Bütün bunlara baxmayaraq cənab Prezident əsl liderlərə xas siyasi iradə ortaya qoydu, öz qətiyyətindən dönmədi. Çünki o, öz xalqına, öz ordusuna güvənirdi.
10 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentləri, həmçinin bədnam Ermənistanın zavallı baş nazirinin birgə bəyanatı ilə tarixi qələbəmiz elan olundu. İndi bizə dekabrın 1-ni gözləmək qalır. Cənab Prezident bu bəyanatı imzalamaqla, düşməni buna məcbur etməklə bir daha nəinki mahir sərkərdə olduğunu, həm də özünü çox başarılı bir diplomat kimi təsdiqlədi. Yeri gəlmişkən, sözügedən bəyanata sosial şəbəkələrdə fərqli yanaşmalara da rast gəlirik. Belələri ya Böyük Qələbənin mahiyyətini anlamır, ya da sadəcə anlamaq istəmirlər. Zənnimcə, zamanı gələndə belələri də hər şeyi başa düşəcəklər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ