Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağda verilən mesaj bütün dünyaya ünvanlanıb" - ARZU NAĞIYEV

    “Prezident İlham Əliyevin Müstəqillik Günündə Qarabağa səfəri mühüm siyasi və strateji mesajlar daşıyan hadisə kimi qiymətləndirilməlidir. İlk növbədə, səfərin məhz 28 May-Müstəqillik Günündə baş tutması xüsusi simvolik məna daşıyır".

    Bu fikirləri millət vəkili Arzu Nağıyev qeyd edib.

    O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu günün Qarabağda qeyd edilməsi müstəqillik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vahid siyasi konsepsiya çərçivəsində birləşdiyini göstərir:

    "Bu, həm ölkə daxilinə, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın Qarabağ üzərində tam suveren hüquqlarını reallaşdırdığını nümayiş etdirən mühüm mesajdır.

    Azərbaycan müharibədə qələbə qazandığı kimi, eyni zamanda dinc quruculuq prosesinə də böyük önəm verir. Regionda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni yaşayış məntəqələrinin salınması və Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıtması bunun bariz nümunəsidir".

    Deputatın sözlərinə görə, Qarabağ artıq postmünaqişə dövrünün inkişaf mərhələsini yaşayır:

    "Prezident İlham Əliyevin bu prosesləri yerində izləməsi dövlətin bölgəyə verdiyi xüsusi əhəmiyyətin göstəricisidir.
    Vətəndaşlarla görüşlər zamanı səsləndirilən fikirlərdən də aydın olur ki, əsas prioritetlərdən biri Böyük Qayıdış proqramının sürətləndirilməsi və keçmiş məcburi köçkünlərin rahat yaşayışının təmin edilməsidir. Bununla yanaşı, iqtisadi fəaliyyətin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması və Qarabağın ölkənin ümumi iqtisadi sisteminə tam inteqrasiyası da qarşıda duran əsas vəzifələrdəndir”.

    Parlamentari onu da əlavə edib ki, ən mühüm məsələlərdən biri də bölgədə sabitlik və təhlükəsizlik mühitinin daha da möhkəmləndirilməsidir:

    “Bu səfərin siyasi aspekti də xüsusi diqqət çəkir. Səfər Azərbaycanın postmüharibə strategiyasının ardıcıl şəkildə davam etdiyini göstərir. Əgər 2020-ci ildən sonrakı ilk mərhələ hərbi-siyasi nəticələrin möhkəmləndirilməsi idisə, hazırkı mərhələ həmin nəticələrin iqtisadi, sosial və demoqrafik baxımdan daha da gücləndirilməsinə yönəlib.
    Bu baxımdan Qarabağa edilən səfərlər artıq yalnız simvolik xarakter daşımır. Onlar eyni zamanda dövlət siyasətinin icrasına nəzarətin həyata keçirilməsi, bölgənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və yeni reallıqların qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Beləcə, Prezident İlham Əliyevin Qarabağa səfəri Azərbaycan dövlətçiliyinin, müstəqillik ideyasının, ərazi bütövlüyünün və suverenliyinin tam bərqərar olduğunu nümayiş etdirən mühüm siyasi hadisədir. Bu səfər milli həmrəyliyin, xalq-iqtidar birliyinin, Qarabağın gələcək inkişaf konsepsiyasının təqdimatı və Ali Baş Komandanın həyata keçirdiyi siyasətin uğurlu olmasının təcəssümüdür”

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ