Təşəbbüskar ziyalı və mədəniyyətimizin təəssübkeşi
Bu ilin noyabrında yazıçı-dramaturq, Milli Mədəniyyətin Təbliği Mərkəzinin sədri, xeyriyyəçi Arif Səməd oğlu Mədətovun 80 yaşının tamam olacağını xeyli əvvəldən bilirdim. Həmin yubileylə bağlı yazı hazırlamağı da məhz noyabr ayına saxlayırdım. Ancaq sonra gördüm ki, qocaman həmkarımız, Əməkdar jurnalist İttifaq Mirzəbəyli Arif müəllimin 80 illiyinə bu ilin mart ayından etibarən hazırlaşır.
Belə ki, 40 il əvvəl yubilyarla eyni kollektivdə müəllim işləmiş İttifaq Mirzəbəyli hələ mart ayının 3-də “Xalq qəzeti”ndə Arif müəllimin “Xalqın qəlbindəki “Qarabağ yarası”na çarə tapmış lider” adlı yazısının verilməsinə nail olmuşdu. Həmin yazıda işğal altındakı torpaqlarımızın azad edilməsinin təməlində məhz Heydər Əliyev siyasətinin durduğu faktlar və sübutlarla yada salınırdı.
Bu il avqustun 30-da isə İttifaq Mirzəbəylinin özü “Xalq qəzeti”ndə “Qırx il əvvəlin həqiqətləri” adlı məqalə ilə çıxış etdi. Həmin məqalədə ulu öndər Heydər Əliyevin hələ ötən əsrin yetmişinci illərində ölkədəki nöqsanlara, korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə apardığı illərdə Arif Mədətovun atdığı qətiyyətli addımlardan söhbət açılırdı. Belə ki, Arif müəllim hələ 1976-cı ildə korrupsiya, rüşvətxorluq və digər neqativ halları qamçılayan “Həqiqət” adlı pyes yazmış və aparıcı teatrların səhnəsində tamaşaya qoyulmasına nail olmuşdu.
Son günlərdə isə, daha dəqiqi sentyabrın 7-də İttifaq Mirzəbəylinin timenews.az ( xəbər vaxtı) xəbər portalında “Yazıçı - dramaturq Arif Mədətov –80” adlı yazısını oxuduq. Orada bildirilirdi ki, Arif Mədətov çoxsaylı mədəniyyət xadiminə təqdim olunmuş “Uğur” mükafatının təsisçisidir.
Yəni Arif müəllim çoxsaylı təşəbbüslərin müəllifidir. Həmin təşəbbüslərdən biri də bu ilin aprel ayından start verilən – Milli Mədəniyyətin Təbliği Mərkəzinin nəzdində xəbər saytının açılması idi. Sentyabrın ilk günlərindən fəaliyyət göstərən “timenews.az” saytı bütün yazılarını məhz Arif müəllimin rəhbərlik etdiyi Mərkəzin məram və məqsədlərinə uyğun şəkildə qurur. Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin, AMEA-nın, çoxsaylı mədəniyyət ocaqlarımızın, müxtəlif ali məktəblərimizin həyatındakı mühüm xəbərlərin dərhal oxuculara çatdırılması bu saytın əsas məqsədlərindən biridir. Şəxsən mənim öz fikrimə gəlincə isə, həmin saytda böyük ədib İsmayıl bəy Qutqaşınlının Qəbələ şəhərindəki xatirə ev muzeyi barədə verilmiş yazı həqiqətən milli mədəniyyətin təbliği istiqamətində atılmış dəyərli addımlardan birididir. Arif müəllimi təbrik edir, onun rəhbəliyi altında fəaliyyət göstərən media vasitəsinə isə uğurlar arzulayırıq.
Bəradər SƏMƏNDƏRLİ,
“Atribut” qəzetinin baş redaktoru
