![]()
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizlik artıq yalnız texniki məsələ deyil, beynəlxalq əməkdaşlığın, dövlətlərarası münasibətlərin və qlobal təhlükəsizliyin mühüm istiqamətlərindən birinə çevrilib. Süni intellektin idarə olunması, kritik infrastrukturun qorunması və kiberməkanda beynəlxalq normaların tətbiqi bu sahədə birgə fəaliyyətin əhəmiyyətini daha da artırır.
Bu fikirlər Beynəlxalq Kiberdiplomatiya Jurnalının (International Journal of Cyber Diplomacy – IJCD) baş redaktoru Karmen Elena Çırnunun jurnalın yeddinci cildinə həsr olunmuş redaksiya məqaləsində yer alıb.
Müəllif qeyd edir ki, nəşrin yeni cildi müxtəlif ölkələrin universitetlərini, beyin mərkəzlərini və müdafiə qurumlarını təmsil edən müəlliflərin araşdırmalarını bir araya gətirir. Məqalələr informasiya manipulyasiyası, hibrid münaqişələr, texnoloji suverenlik, kiberməkanda beynəlxalq normalar və rəqəmsal əməkdaşlıq kimi aktual məsələləri əhatə edir.
Azərbaycan da bu beynəlxalq əməkdaşlıq gündəliyində yer alır. Belə ki, 2026-cı il martın 10-12-də Buxarestdə Rumıniya Parlamentinin binasında keçirilən Rəqəmsal İnnovasiyalar Sammiti çərçivəsində kritik infrastrukturun qorunması, ikili təyinatlı texnologiyalar, süni intellekt və kiberdiplomatiya məsələləri müzakirə olunub. Tədbirdə Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri də iştirak ediblər.
Karmen Elena Çırnunun məqaləsində qeyd olunur ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Buxarest Milli İnformatika Tədqiqat və İnkişaf İnstitutu (ICI Bucharest) arasında 2023-cü ildə anlaşma memorandumu imzalanıb. Bu əməkdaşlıq kibertəhlükəsizlik sahəsində əlaqələrin inkişafı kontekstində diqqətə çatdırılır.
O vurğulayıb ki, kiberdiplomatiya yalnız xarici siyasət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır. Özəl texnologiya şirkətləri də rəqəmsal təhlükəsizlik və məsuliyyətli texnoloji fəaliyyət məsələlərində mühüm rol oynayırlar. Bu baxımdan 2024-cü ildə Böyük Britaniya və Fransa tərəfindən başladılan “Pall Mall” prosesi kommersiya məqsədli kibermüdaxilə imkanlarının yayılmasının və məsuliyyətsiz istifadəsinin qarşısını almağa yönəlib. Şirkətlər üçün müvafiq təlimatların 2026-cı ilin noyabrında yekunlaşdırılması gözlənilir.
Məqalədə BMT çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının təhlükəsizliyi üzrə yaradılmış Qlobal Mexanizm, Kibercinayətkarlığa qarşı BMT Konvensiyası və süni intellektin idarə olunması üzrə Qlobal Dialoq da diqqət mərkəzindədir. Karmen Elena Çırnu bu təşəbbüsləri kiberməkanda beynəlxalq əməkdaşlığın və ortaq yanaşmaların formalaşdığı proseslərin tərkib hissəsi kimi təqdim edir.
Karmen Elena Çırnunun fikrincə, kiberdiplomatiya sahəsində əsas çağırış beynəlxalq səviyyədə razılaşdırılan prinsipləri praktik əməkdaşlığa çevirməkdir. Bu istiqamətdə dövlətlərin, beynəlxalq təşkilatların, elmi dairələrin və texnologiya şirkətlərinin iştirakı xüsusi əhəmiyyət daşıyır.
Müəllif məqaləsinin sonunda tədqiqatçıları araşdırmalarını Beynəlxalq Kiberdiplomatiya Jurnalında dərc etdirməyə və növbəti Beynəlxalq Kiberdiplomatiya Konfransında iştirak etməyə dəvət edir.
Qeyd edək ki, cari il noyabrın 19-da Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşlar ilə birgə Bakı şəhərində Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (ICCD 2026) keçiriləcək.
Konfransın əsas mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” olacaq.
