Sizin reklam burada
Sizin reklam burada
  • "Prezident İlham Əliyevin siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu və mədəniyyətlərarası dialoqda rolunu gücləndirir" – Mircəlil Qasımlı

    "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, multikulturalizm ənənələrinə sadiqliyinin və qlobal əməkdaşlığın inkişafına verdiyi töhfələrin növbəti göstəricisidir."


    Bu fikirləri  "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı Prezident İlham Əliyevin Forumdakı çıxışını şərh edərkən bildirib.


    Deputat qeyd edib ki, Azərbaycan əsrlər boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olmuşdur. Ölkəmizin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, zəngin tarixi irsi və tolerantlıq ənənələri Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində mühüm beynəlxalq platformaya çevrilməsinə imkan yaradıb.


    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri milli-mənəvi dəyərlərimizin qorunması ilə yanaşı, multikulturalizmin və dini dözümlülüyün təşviq edilməsidir. Azərbaycanda müxtəlif etnik və dini icmaların qarşılıqlı hörmət şəraitində yaşaması xalqımızın əsrlər boyu formalaşdırdığı zəngin mənəvi irsin təzahürüdür.


    Dövlətimizin başçısının çıxışında vurğulandığı kimi, Azərbaycan xalqı müxtəlif tarixi mərhələlərdə çətin sınaqlarla üzləşsə də, öz milli kimliyini, dilini, dinini və ənənələrini qoruyub saxlamağı bacarıb. Bu gün həmin dəyərlər müstəqil dövlətimizin ideoloji və mənəvi dayaqlarından birini təşkil edir.


    Azərbaycanın 35 il əvvəl dövlət müstəqilliyini bərpa etməsindən sonra keçdiyi inkişaf yolu milli iradənin, siyasi qətiyyətin və dövlətçilik ənənələrinə sədaqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi baxımdan güclənərək beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilib.


    Azərbaycan uzun illər Ermənistanın işğalçı siyasəti və beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlarla üzləşmişdir. Təxminən 30 il ərzində torpaqlarımızın işğal altında qalmasına baxmayaraq, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icrası təmin edilməmişdir.


    2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu tarixi nailiyyətlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsidir.


    Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri də beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğu olmuşdur. Azərbaycan uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə eyni qaydada tətbiq edilməsinin vacibliyini müdafiə edib. Dövlətimizin başçısının prinsipial mövqeyi bir daha göstərir ki, ədalətli beynəlxalq münasibətlər sistemi yalnız suverenliyə, ərazi bütövlüyünə və qarşılıqlı hörmətə əsaslandıqda mümkün ola bilər.


    Azərbaycanın gücü yalnız hərbi və iqtisadi imkanları ilə deyil, həm də sülhə, əməkdaşlığa və qarşılıqlı anlaşmaya verdiyi önəmlə ölçülür. Ölkəmizin Ermənistanla sülh prosesində nümayiş etdirdiyi siyasi iradə regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş mühüm addımdır.


    Bu gün Azərbaycan beynəlxalq enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsində, strateji tərəfdaşlıqların genişləndirilməsində və qlobal dialoqun təşviqində mühüm rol oynayır. Dünyanın aparıcı dövlətləri ilə qurulan əməkdaşlıq münasibətləri ölkəmizin müstəqil xarici siyasətinin uğurlu nəticələridir.


    Bakının növbəti dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdə etimad qazandığını və müxtəlif sivilizasiyalar arasında körpü rolunu uğurla yerinə yetirdiyini nümayiş etdirir.


    Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün yalnız regionun güclü dövləti deyil, həm də beynəlxalq dialoqun, multikultural dəyərlərin və qlobal əməkdaşlığın təşviqində fəal iştirak edən nüfuzlu ölkədir.


    Əminliklə söyləmək olar ki, dövlətimizin başçısının qətiyyətli liderliyi, milli maraqlara əsaslanan müstəqil xarici siyasəti və beynəlxalq əməkdaşlığa verdiyi önəm Azərbaycanın dünya miqyasında mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ