Sizin reklam burada
Sizin reklam burada
  • Aqil Məmmədov: Prezidentin Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri tarixi hadisələrlə yadda qalır

    Aqil Məmmədov: Prezidentin Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri tarixi hadisələrlə yadda qalır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ bölgəsinə, xüsusilə Şuşa şəhərinin Qaladərəsi ərazisinə, Xankəndi və Xocalı şəhərlərinə həyata keçirdiyi səfərlər müasir Azərbaycan tarixində mühüm siyasi, strateji və tarixi əhəmiyyətə malik hadisələr kimi qiymətləndirilir. Bu səfərlər ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasının, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin ardıcıl və uğurlu nəticələrinin bariz nümunəsidir.

    Bunu Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aqil Məmmədov deyib.

    O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işləri Azərbaycanın iqtisadi gücünü, siyasi iradəsini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir:

    “Dövlət başçısının mütəmadi şəkildə bölgəyə səfərləri aparılan işlərin yüksək nəzarətdə saxlanıldığını, layihələrin keyfiyyətli və operativ şəkildə icra olunduğunu bir daha təsdiqləyir.

    Prezident İlham Əliyevin Şuşa şəhərinin Qaladərəsi ərazisinə səfəri zamanı burada həyata keçirilən infrastruktur layihələri, turizm obyektləri, yol tikintisi və ekoloji layihələrlə bağlı görülən işlər diqqət mərkəzində olub. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də ölkəmizin tarixi-mədəni irsinin mühüm simvollarından biridir. İşğal dövründə ciddi dağıntılara məruz qalmış şəhərdə bu gün həyata keçirilən quruculuq işləri Azərbaycanın öz tarixi irsinə göstərdiyi yüksək diqqətin və milli-mədəni dəyərlərə sadiqliyinin göstəricisidir.

    Qaladərəsi ərazisində həyata keçirilən layihələr xüsusilə turizm potensialının artırılması, təbii landşaftın qorunması və müasir istirahət infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı bölgədə yaradılan şəraitlə tanış olmuş, aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələrini verib.

    Şuşada aparılan kompleks yenidənqurma prosesi şəhərin qədim memarlıq üslubunun qorunması ilə yanaşı, müasir urbanizasiya prinsiplərinin tətbiqinə əsaslanır. Bu isə şəhərin gələcəkdə beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.

    Aqil Məmmədov Prezident İlham Əliyevin Xankəndi şəhərinə səfəri xüsusi siyasi və strateji məna daşıyır:

    “Dövlət başçısının Xankəndidə olması Azərbaycanın bu şəhər üzərində tam suveren idarəçiliyinin təmin olunduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Xankəndidə dövlət qurumlarının fəaliyyəti təmin edilir, sosial infrastruktur yenilənir, kommunal xidmətlər bərpa olunur və şəhərin gələcək inkişaf konsepsiyası əsasında geniş layihələr icra edilir.

    Xankəndidə təhsil, səhiyyə, enerji və nəqliyyat infrastrukturu sahələrində həyata keçirilən layihələr bölgənin dayanıqlı inkişafına xidmət edir. Bu bir reallıqdır ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.

    Prezident İlham Əliyevin Xocalı şəhərinə səfəri isə həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Xocalı Azərbaycanın tarixində ağır faciənin simvolu olmaqla yanaşı, xalqımızın iradəsinin, mübarizə əzminin və tarixi ədalətə inamının rəmzidir. Uzun illər işğal altında qalmış şəhərdə bu gün geniş quruculuq və bərpa işlərinin aparılması Azərbaycanın güclü dövlət siyasətinin və milli birliyinin nəticəsidir”.

    Dövlət başçısı Xocalıda həyata keçirilən mühüm infrastruktur layihələri ilə tanış olub.

    Bu gün “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin edilir. Xocalıda yaradılan yeni yaşayış məntəqələri müasir standartlara uyğun şəkildə inşa olunur və sakinlərin rahat, təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılır.

    Ölkəmizin başçısının da bəyan etdiyi kimi azad olunmuş ərazilərdə aparılan işlər yalnız bərpa məqsədi daşımır, eyni zamanda həmin torpaqların uzunmüddətli inkişaf strategiyasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, alternativ enerji proqramları, müasir nəqliyyat-kommunikasiya xətlərinin yaradılması Azərbaycanın innovativ inkişaf modelinin mühüm tərkib hissəsidir.

    Reallıq budur ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri regionun sosial rifahının yüksəldilməsinə, iqtisadi potensialının artırılmasına və tarixi ədalətin tam bərpasına xidmət edir.

    Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesi yalnız Azərbaycanın deyil, bütövlükdə regionun gələcək inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır. Sözsüz ki, Prezident İlham Əliyevin bölgəyə hər bir səfəri Azərbaycanın qətiyyətli siyasətinin, milli həmrəyliyinin və dövlət gücünün növbəti təzahürü kimi tarixə yazılır”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ