Sizin reklam burada
Sizin reklam burada
  • Gözümüzü göyə dikmişdik…

    Birinci Qax Kitab Sərgisi…

    Qax rayonuna 30-dan çox nəşriyyatla birlikdə yola düşəndə içimizdə həm sevinc vardı, həm də sual. Açığı, Qax bizim üçün bir qədər gözlənilməz seçim idi. Dağ rayonudur, kiçik rayondur… “Burada kitab sərgisi necə qarşılanacaq?” sualı istər-istəməz hamımızın ağlından keçirdi. Bizim düşüncəmiz daha çox regional bir Şəki sərgisi üzərində idi; Qax, Zaqatala, Balakən də ora qoşular deyə düşünürdük. Amma bu dəfə dəvət birbaşa Qax Rayon İcra Hakimiyyətindən gəlmişdi: “Gəlin, Qaxda kitab festivalı keçirək.”
    Yola düşdük.
    Qaxa çatar-çatmaz bizi güclü leysan qarşıladı. Elə bir yağış ki, adamın bütün planlarını bir anda dəyişə bilərdi. Halbuki səhər saat 8-dən açıq havada sərgiyə hazırlaşmalı idik. İçimizdə bir tərəddüd vardı. Son vaxtlar havaların dəyişkənliyi də insanı narahat etməyə bilmirdi. “Keçirək? Təxirə salaq? Qapalı məkana keçək?” -hər kəs bu sualların içində idi.
    Saat 11-də açılış planlaşdırılırdı.
    Hamımız yerindəyik. Yağış isə hələ də yağır. Müzakirələr gedir. Bir tərəfdən stendlər, bir tərəfdən çadırlar, bir tərəfdən kitab qutuları… və hamımız gözümüzü göyə dikmişik.
    Dedilər ki, rayon icra başçısı Elvin Paşayev müəllim gələcək. Gəlsin, birgə qərar verək.
    Saat 11-ə qalmış gəldi. İlk görüşdən diqqətimi çəkən səmimiyyəti oldu. Gənc, enerjili, intellektual, rahat ünsiyyət quran bir insan. Elə qətiyyətlə dedi ki: “Yağış bir azdan dayanacaq. İnşallah açılışı edəcəyik.”
    Gözlədik. 12-yə qədər yağış tam kəsmədi.

    11:00- dan 13:00-a qədər isə hamımız - naşirlər, təşkilatçılar, rayon nümayəndələri kiçik bir kafedə, İçəri Bazar küçəsində bir yerdə açılışı gözləyirdik. Söhbətlər, ideyalar, tanışlıqlar… hər şey çox təbii, çox səmimi idi.

    Amma elə bil göy də kitab sərgisinə hörmət etdi 1 - düz saat 12-də yağış dayandı.
    İnsanlar az-az gəlməyə başlamışdı. Nəşriyyatlardan biri artıq stendini açmışdı, kitablarını düzürdü, hətta ilk satışını da etmişdi.
    Mənim üçün ən maraqlı məqamlardan biri isə başqa idi.
    Artıq 30-dan çox kitab sərgisi keçirmişik. Azərbaycanın müxtəlif bölgələrində insanlarla, müəllimlərlə, oxucularla, məmurlarla görüşmüşük. Kitab sərgisinin necə zəhmətli iş olduğunu yaxşı bilirik. Adətən, özümüz özümüzə motivasiya veririk.

    Amma Qaxda fərqli bir şey gördük. Bu dəfə rayonun icra başçısı bizə motivasiya verir, yaxşı olacaq, deyirdi.

    Rayon icra başçısı Elvin müəllim yağış kəsənə qədər bizimlə birlikdə idi. Təkcə açılışa gələn rəsmi qonaq kimi yox - doğrudan da prosesin içində. Bəzi nəşriyyatların stendlərinə yaxınlaşır, kitabların düzülüşünə baxır, fikir bildirir, söhbət edir, hətta bəzən hansısa detalın həllinə də qarışırdı. 4 saatdan çox sərgi ərazisində oldu. Açığı, buna çox yerdə rast gəlmirik.

    Saat 13:00-da sərgimizin açılışı başladı.

    Rəsmi açılış başladı. Elvin bəy yenə öz səmimiyyəti ilə qonaqlara yer göstərir, hamının yerləşməsini gözləyirdi. Ən sonda da özü əyləşdi.
    Çıxışlar edildi. Görüşlər oldu. Bədii hissədə rayonun özfəaliyyət dərnəyini izlədik.
    Və çox maraqlı bir mənzərə yarandı.
    Saat 12-də boş görünən sərgi meydanı qısa müddət sonra insanlarla doldu. Ailələr, uşaqlar, məktəblilər, gənclər… hər tərəfdə kitab vərəqləyən insanlar.
    Bir daha gördük ki, bölgənin böyüyü-kiçiyi yoxdur. Kitaba ehtiyac hər yerdə var. Sadəcə o qapını açmaq lazımdır.
    Əlbəttə ki, Bu cür tədbirlərin uğurlu olması təkcə naşirlərin istəyi ilə mümkün deyil. Yerli rəhbərliyin təşəbbüsü, dəstəyi, münasibəti çox böyük rol oynayır. Qaxda bunu açıq şəkildə gördük. Əgər bu istək, bu diqqət, bu dəstək varsa, kitab sərgisi sadəcə satış məkanı olmur - böyük bir mədəniyyət hadisəsinə çevrilir.
    Elvin müəllim çıxış zamanı dedi ki:
    “Biz sərgini 30–31 may üçün nəzərdə tutmuşduq. Amma günün yarısı yağışla keçdi. Gəlin bir gün də uzadaq. 1 İyun Uşaqlar Günü və Peşə Festivalı ilə birləşdirək.”
    Müzakirə etdik. Və qərar verdik: qalırıq, bir gün də.
    Düzü, naşirlərin, yazıçıların, kitab adamlarının belə münasibətə ehtiyacı var. Bəzən bir dəvət, bir xoş söz, bir səmimi münasibət adamın bütün yorğunluğunu aparır. Daha çox işləmək, daha çox bölgəyə getmək, daha çox gəncə kitab çatdırmaq istəyirsən. Məhz Qax rayn icra aparatının bütünün heyəti Elvin bəy başda olmaqla hamısı əlindən gələni edirdi.
    Mən Qaxdan xoş xatirələrlə ayrıldım.
    Sərgi isə öz gücü ilə davam edir.
    Ümid edirəm ki, Birinci Qax Kitab Sərgisi ikinciyə, üçüncüyə, beşinciyə, onuncuya çevriləcək.
    Çünki bu bir başlanğıcdır.
    Və sözün yaxşı mənasında tarixi bir başlanğıc.
    Azərbaycanın bölgələrində bu miqyasda, 30-dan çox nəşriyyatın bir araya gəldiyi kitab sərgiləri indiyə qədər olmayıb. Biz Azərbaycan Nəşriyyatları Assosiasiyası olaraq bunun tarixini birlikdə yazırıq.
    Və bir məqsədlə yolumuza davam edirik: “Bölgələrə kitabla gəlirik.”
    Və kitabla gəlməyə də davam edəcəyik.

    Şəmil Sadiq
    ANAİB İdarə heyəti sədri




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ