Sizin reklam burada
Sizin reklam burada
  • Şabranda YAP-ın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir


    Şabran rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. 

    Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Mahir Süleymanlı, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Xaçmaz regional ədliyyə idarəsinin rəisi Qədir Paşayev, rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hüseyn İlyasov, Ərazi Partiya Təşkilatının sədrləri, Partiya fəalları, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri iştirak etmişdir.

    Tədbir çərçivəsində ilk öncə Şabran rayon Heydər Əliyev Mərkəzində yerləşən Ümumilli lider Heydər Əliyevin büstü qarşısına tər-gül dəstələri düzülmüş və əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
    Tədbirdə çıxış edən Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov iştirakçıları Partiyanın yaranmasının 34-cü ildönümü münasibətilə təbrik edərək qeyd etmişlər ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır. Hər siyasi partiya cəmiyyətin və dövlətçiliyin maraqlarının partiyası ola bilmir. Çoxpartiyalılıq cəmiyyətdə demokratik mühit yaradır. Bütün partiyalar gerçəkliyin, milli maraqların, milli ruhun ifadəsinin partiyası olarsa, demokratik mühit yaradıla bilər. 

    1992-ci il noyabr ayının 21-də Naxçıvanda böyük tarixi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.  Ulu Öndər Azərbaycanın dövlət maraqlarını, dövlətçilik təsisatlarını bu partiyanın ideoloji strukturları əsasında möhkəmləndirməyi tövsiyə edirdi. Çünki Yeni Azərbaycan Partiyasının məramı azərbaycançılıq ideologiyasından yaranmışdı. Bu partiya Azərbaycanın dövlət maraqlarının siyasi, siyasi-ideoloji mahiyyətini ifadə edirdi. Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı ideoloji qüvvəsinə - iqtidar partiyasına çevrilməsi tarixi zərurət idi. Böyük tarixi şəxsiyyətlər tarixin axarını dövlətçiliyin sabahlarını müəyyənləşdirən siyasi axara yönəldə bilir. Bu, dövlətin daha da möhkəmlənməsində, beynəlxalq aləmdə yüksək nüfuza malik olmasında, dövlətin iqtisadi inkişafının tənzimlənməsində və inkişaf etdirilməsində olduqca əhəmiyyətli olur. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Həmin vaxtlarda Azərbaycanda hakimiyyət boşluğu, bunun nəticəsi kimi milli qarşıdurma yaranmışdı. Belə bir vəziyyət labüd dövlət çevrilişi ərəfəsi idi. Ulu Öndər Azərbaycanı bu vəziyyətdən çıxara bildi, dövlət çevrilişinin qarşısı alındı. Xalq sevdiyi, inandığı rəhbərin ətrafında daha sıx, daha ruhən birləşdi. Bu birlik Azərbaycanın sabahlarını Ulu Öndərin müəyyənləşdirdiyi səviyyəyə yönəldirdi.

    Böyük tarixi şəxsiyyət, XX əsrin fenomenal siyasi xadimi Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirdi, ikitərəfli, çoxtərəfli iqtisadi müqavilələr dövlətin iqtisadi inkişafını müəyyənləşdirdi. Ulu Öndər deyirdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. Orduda vahid komandanlığın yaradılması, ordu quruculuğunda aparılan əsaslı islahatlar, hərbi təhsildə həyata keçirilən yeniliklər və digər önəmli addımlar uğurlar gətirdi. Ulu Öndərin rəhbərliyi ilə bu uğurlar Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətverici gücü ilə əldə edilib. Ulu öndər Heydər Əliyevin müdrikliyinin nəticəsi kimi yaradılan partiya illər ərzində ölkədə siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olub. İnandırma, inandırmaqla inama çevrilmə ehtiramla yarana bilərdi. Yarandı da. Qısa müddət ərzində xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dünyəvi dəyərləri də yaşadan, tolerantlığı gərəkləndirən partiyadır.

    Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır. Obrazlı şəkildə desək, bu partiya zamanın tələbi kimi yaranmışdır.

    Bu partiyanın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə əsaslanır, milli-xəlqi maraqlar əsasında hazırlanmış Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir. Bu partiya Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Məhz bu xarakterinə görə Yeni Azərbaycan Partiyası həm də gələcəyin partiyasıdır.

    Yeni Azərbaycan Partiyası demokratik cəmiyyətin partiyasıdır, tolerant dövlətin iqtidar partiyasıdır. Bu partiya siyasi dialoqu dəstəkləyən, partiyalararası münasibətlərdə başlıca amilin milli maraqlar olduğunu xatırladan və bunu başlıca fəaliyyət istiqaməti bilən partiyadır.

    Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, "dünənin, bu günün və gələcəyin partiyası" kimi hər zaman islahatlara açıq olan, müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən Yeni Azərbaycan Partiyası dinamik ictimai-siyasi qüvvədir. Onun nüfuzu və siyasi-ideoloji təsir dairəsi cəmiyyətin bütün təbəqələrinin, xüsusilə gənclərin və qadınların fəal vətəndaş mövqeyinin formalaşması baxımından təşkilata aktiv şəkildə cəlb olunması ilə daha da artmış olur. Partiyamız ölkə daxilində çoxşaxəli fəaliyyətlə yanaşı, bu gün respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla beynəlxalq miqyasda ən güclü siyasi təşkilatlardan biri kimi tanınır və qəbul edilir ki, bu da, şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişinə vacib töhfədir. O, indi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək təkcə Azərbaycanın ümumxalq partiyasına deyil, Cənubi Qafqaz bölgəsinin ən nüfuzlu və ən böyük partiyasına çevrilmişdir.

    Xalqın bütövlüklə dəstəyini alaraq Azərbaycanı dönməz inkişaf yoluna çıxaran Yeni Azərbaycan Partiyası hər zaman xalqımıza, dövlətimizə qələbələr qazandırdı, uğurlar gətirdi, dayanıqlı milli iqtisadi inkişaf sisteminin formalaşdırılmasını şərtləndirdi. Bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də beynəlxalq əməkdaşlıq sistemində olduqca ciddi mövqelərə və təsirə malikdir. Ərazi bütövlüyünü təmin etdi, tarixi qələbələrə imza atdı. Dövlətimiz Prezident, Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsindən tariximizin qızıl səhifəsini yaratmağı bacardı. 2023-cü ilin sentyabr ayında isə bütün ərazilərimiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdik. Bu baxımdan, Yeni Azərbaycan Partiyası vaxtı ilə Azərbaycanı xilas etdiyi kimi, bundan sonrakı dövrlərdə də ölkəmizi inkişafın, tərəqqinin ən yüksək nöqtələrinə çatdıracaq və xalq Yeni Azərbaycan Partiyasının Azərbaycanı daha nurlu sabahlara aparacağına əmindir.
    Milli Məclisin deputatı Mahir Süleymanlı çıxışında qeyd etmişdir ki, Azərbaycanın ən mütəşəkkil və qüdrətli siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik və dövlətçilik tarixində müstəsna rolu vardır. Dövlətimizi xaos və anarxiyadan, tənəzzüldən, məhv olmaq təhlükəsindən xilas edilməsində, davamlı sabitlik və inkişaf yoluna çıxarılmasında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibəti ilə Partiya üzvlərini təbrik edən Mahir Süleymanlı bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış YAP ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olduğunu sübuta yetirmişdir. Partiyanın yaradılması Ulu Öndərin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biridir. Öz ideoloji prinsiplərini cəmiyyətimizin birliyi, dövlətimizin bütövlüyü və xalqımızın həmrəyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəsi ilə bu mühüm tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir. Bütün iştirak etdiyi seçkilərdə YAP qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiyməti və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamını ifadə edir. Sonda qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişaf, müstəqillik və təhlükəsizlik garantı olan aparıcı siyasi qüvvə olaraq bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək.

    Xaçmaz regional ədliyyə idarəsinin rəisi Qədir Paşayev çıxışı zamanı qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü Azərbaycan dövlətçiliyi tarixinin ən mühüm mərhələlərindən birinin qeyd olunması deməkdir. 1992-ci ilin ağır və taleyüklü günlərində formalaşan bu siyasi qüvvə sonrakı onilliklər ərzində ölkənin inkişaf trayektoriyasını müəyyən edən əsas faktorlardan birinə çevrildi. YAP-ın yaranmasının səbəblərini və nəticələrini dərk etmək üçün o dövrün ictimai-siyasi mənzərəsinə nəzər salmaq kifayətdir: dövlət idarəçiliyində xaos, iqtisadi tənəzzül, separatizm, işğallar və dərin sosial böhran Azərbaycanın gələcəyini böyük təhlükə altına almışdı. Məhz belə bir şəraitdə ölkənin görkəmli ziyalıları, milli dövlətçilik düşüncəsinə sadiq olan vətənpərvərlər Azərbaycanın nicat yolunu Heydər Əliyevin şəxsiyyətində gördülər. “91-lərin müraciəti” yalnız siyasi bir məktub deyil, Azərbaycan dövlətinin xilası üçün tarixi bir çağırış idi. Bu müraciət əsasında Naxçıvanda keçirilən YAP-ın təsis konfransı ölkənin gələcək inkişafının başlanğıc nöqtəsinə çevrildi. Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə idarəolunmazlıqdan dövlətçilik ənənələrinə, xaosdan siyasi sabitliyə, iqtisadi tənəzzüldən inkişaf strategiyasına doğru dönüş baş verdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə YAP-ın siyasi fəlsəfəsi real dövlət siyasətinə çevrildi. İlk Konstitusiyanın qəbulu, dövlət institutlarının formalaşdırılması, bazar iqtisadiyyatına keçid, hüquqi sistemin qurulması, neft strategiyasının hazırlanması və həyata keçirilməsi - bütün bunlar həmin mərhələnin əsas sütunları oldu.
    Bu gün Partiyanın 34 illik fəaliyyətinə baxdıqda bir fakt tam aydın görünür: partiya təkcə siyasi qurum deyil, Azərbaycanın sabitlik və inkişaf modelinin əsas ideya-siyasi dayağıdır. Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son iki onillikdə Azərbaycan güclü iqtisadiyyata, müasir orduya, regional və qlobal miqyasda nüfuzlu mövqeyə malik dövlətə çevrilib. İqtisadiyyatın 3 dəfədən çox artması, xarici borcun minimal səviyyəyə endirilməsi, sosial rifah siyasəti, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi bu inkişafın fundamental elementləridir.
    Azərbaycan xalqının çoxəsrlik arzusunun - Qarabağın işğaldan azad edilməsinin - reallığa çevrilməsi isə YAP-ın siyasi xəttinin ən böyük tarixi nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə milli birliyin, düzgün strateji xəttin və güclü liderliyin məhsulu idi. Bugün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri YAP-ın dövlətçilik konsepsiyasının davamı kimi çıxış edir.
    34 il ərzində YAP yalnız hakimiyyət partiyası deyil, həm də cəmiyyətin bütün sahələrində tərəqqini təşviq edən siyasi institut kimi formalaşıb. Partiyanın strukturlarının müasirləşməsi, gənclərin siyasətə geniş cəlb edilməsi, milli-mənəvi dəyərlərə bağlılığın qorunması onun uzunmüddətli dayanıqlığını təmin edən amillərdəndir.

    Bu gün Yeni Azərbaycan Partiyasının 34 illiyini qeyd edərkən həm keçilən yolun miqyasını, həm də qarşıdakı strateji vəzifələrin əhəmiyyətini dəyərləndirmək zəruridir. Azərbaycanın daha güclü gələcəyi üçün qurulan dayanıqlı əsaslar partiyanın siyasi iradəsinin və dövlətçilik missiyasının uğurlu təcəssümüdür.

    Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunmuşdur.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ