Bunu Qazaxıstanın “KTZ Express” Səhmdar Cəmiyyətinin layihələr və marketinq üzrə direktoru Asem Muhamediyeva deyib. O bildirib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqəmsallaşması zəruridir. Rəqəmsallaşma marşrutla yükdaşımaların həcmini artırmaqla yanaşı, onun inkişafına da təsir göstərər.
“Son 5 il ərzində Qazaxıstan ərazisindən tranzit yükdaşımaları 5 dəfə artaraq 1,4 TEU-ya çatıb. Xüsusi artım Trans-Xəzər marşrutu ilə daşınan yüklərdə müşahidə olunur. Çindən yükdaşıma 33 dəfə artıb”, - deyə o əlavə edib. A.Muhamediyeva bildirib ki, Cəmiyyətin rəqəmsal sistem tətbiq etməsi nəticəsində 2025-ci ilin ötən dövrü ərzində 1 200 şirkət yüklərin daşınması üçün müraciət edib. Yükləri daşımaq üçün sifarişlərin artması iş həcmini də artırır və buna görə də rəqəmsal sistemin tətbiqi artıq zərurətə çevrilib.
“Trans-Xəzər marşrutu həm də onunla səmərəlidir ki, Çindən Avropaya daşınan yüklər artıq 35-40 günə deyil, 25 günə mənzil başına çatdırılır. Ötən il Qazaxıstan Çinin Sian limanında terminal inşa edərək istismara verdi ki, bunun da nəticəsində Trans-Xəzər marşrutu ilə Çindən Avropaya konteyner daşımaları mütəmadi hal alıb”, - deyən “KTZ Express”in nümayəndəsi nəzərə çatdırıb ki, Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau limanı yükləri qəbul edib Cənubi Qafqaza və Avropaya yola salır.
“Trans-əfqan nəqliyyat dəhlizi tam formalaşdıqdan sonra Qazaxıstanın, Cənubi Qafqazın və Avropanın Hindistanla nəqliyyat əlaqəsi daha da genişlənəcək ki, bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun strateji əhəmiyyətini artıracaq”, - deyə müsahibimiz vurğulayıb.
