Sizin reklam burada
Sizin reklam burada
  • Xankəndidə Zəfər Muzeyi: Keçmiş separatizmin yerində milli yaddaş məkanı


    Nəsib Məhəməliyev

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəmiz üçün əlamətdar olan günlərdə işğaldan azad edilmiş ərazilərə səfər etməsi, həmin tarixləri Qarabağ və Şərqi Zəngəzura qayıtmış keçmiş mıcburi köçkünlərlə birlikdə qeyd etməsi artıq ənənə halını artıb. Cənab Prezidentin güclü sərkərdəlik qabiliyyəti və qüdrətli Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində 6 ildir qürurla qeyd etdiyimiz Zəfər Günü ərəfəsində də eyni ənənə davam etdi. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş bir sıra ərazilərdə, Şuşa və Xankəndidə olaraq aparılan quruculuq-abadlıq işləri ilə yaxından tanış oldular, yeni infrastruktur obyektlərinin açılışında iştirak etdilər.

    Bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb.

    O bildirib ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura etdiyi hər bir səfər kimi, bu dəfəki səfəri də yaddaqalan oldu. Səfərin ən diqqət çəkən məqamı dövlət başçısının Xankəndidə Zəfər tağının önündən Azərbaycan xalqına müraciət etməsi oldu.

    “Əvvəla onu qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı Xankəndidə, Zəfər tağının önündən Azərbaycan xalqına müraciət etməsi təkcə siyasi deyil, eyni zamanda da mənəvi baxımdan mühüm əhəmiyyət daşıyan hadisədir. Prezidentin məhz bu məkandan xalqa müraciət etməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının, tarixi ədalətin təmin edilməsinin və xalqımızın milli iradəsinin təntənəsinin rəmzi ifadəsidir. Bu müraciət həm də Prezidentin vaxtilə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatının təsdiqidi, sübutudur. Azərbaycan və onun güclü kideri buna dəyişməz siyasi mövqe, milli qətiyyət və Qarabağ məsələsində prinsipiallığı ilə nail oldu”-deyə deputat bildirib.

    O vurğulayıb ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin bütün ərazilərində bərpası həmin bəyanatın tarixi reallığa çevrilməsini təmin etdi.

    Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə xalqa müraciətini məhz bu şəhərdən səsləndirməsi Azərbaycanın Qarabağ üzərində dövlət hakimiyyətinin tam bərqərar edildiyini göstərir, eyni zamanda bu müraciət ölkənin bütün ərazilərində Konstitusiyasının və qanunlarının qüvvədə olduğunun həm daxili, həm də beynəlxalq auditoriyaya nümayişidir.

    Deputatın fikrincə, Xankəndidə Azərbaycan bayrağının dalğalanması, dövlət rəmzlərinin möhkəmlənməsi və şəhərin yenidən qurulması ölkəmizin suverenliyinin təmin edilməsindən sonra əldə edilən nəticələrini göstəricisidir.

    “Prezident İlham Əliyevin müraciətində diqqət çəkən ən mühüm məqamlardan biri də Xankəndidə keçmiş separatçı idarəetmənin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması ilə bağlı açıqlamasıdır.

    Dövlət başçısı bildirib ki, Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır və muzey məhz vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin mərkəzlərindən biri olmuş keçmiş icra hakimiyyəti binasında yerləşəcək. Bu qərar həm də gerçək tarixin üzə çıxarılması, erməni yalanlarının ifşa edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vaxtilə separatizmin ideoloji və siyasi fəaliyyətinin həyata keçirildiyi məkan bu gün artıq Azərbaycanın Zəfər tarixini yaşadan, milli yaddaşa xidmət edən, ən əsası tarixi gerçəklikləri özündə əks etdirən muzeyə çevrilir. Həmin bina artıq separatçılığın deyil, Azərbaycanın dövlətçilik iradəsinin, hərbi və siyasi Qələbəsinin, tarixi ədalətin bərpasının rəmzi olacaq.

    Prezident İlham Əliyevin hələ 2023-cü ilin oktyabrında Xankəndinə səfəri zamanı həmin binada olması və oranın pəncərələri açdırması ilə bağlı söylədiyi fikirlər də bu baxımdan simvolik məna daşıyır. Dövlət başçısının həmin fikirləri həm də Xankəndinin, əzəli Azərbaycan torpağının keçmişin qaranlıq ideologiyasından, separatçılıq düşüncəsindən təmizlənərək yeni tarixi mərhələyə keçidinin təcəssümü idi”-deyə deputat əlavə edib.

    Nəsib Məhəməliyev hesab edir ki, Xankəndidə Zəfər Muzeyinin yaradılması təkcə bu günkü deyil, həmçinin gələcək nəsillərə yönəlmiş bir neçə mühüm tarixi mesajdan ibarətdir. İlk növbədə belə məkanlar gələcək nəsillərin milli tarixlə daha yaxından tanış olması, dövlətçilik düşüncəsinin möhkəmlənməsi və vətənpərvərlik ruhunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Muzey Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpası və suverenliyin təmin olunması istiqamətində apardığı mübarizənin tarixini özündə yaşadacaq ki, bu da gələcək nəsillərin onlar üçün yaxın keçmiş sayılan hadisələrlə tanış olması baxımından əhəmiyyətlidir. Ən əsası tarixi yaddaşın itirilməməsi, onun yaşadılması, gələcək nəsillərin bu barədə məlumatlı olub həmin tarixlə fəxr etmələri baxımından Zəfər Muzeyinin yaradılması əhəmiyyətlidir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ