Sizin reklam burada
Sizin reklam burada
  • "Konstitusiyanın hazırlanması üçün dövlətçilik möhkəm əsasa malik olmalıdır"- Kamal Cəfərov

    Ölkəmizin ictimai-siyasi həyatında hüquqi bazanın möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Əsas Qanunumuzun keçdiyi inkişaf yolu və bu gün əldə olunan tarixi nailiyyətlər müasir Azərbaycanın hansı möhkəm təməllər üzərində qurulduğunu aydın şəkildə nümayiş etdirir.


    Milli Məclisin deputatı Kamal Cəfərov "atributinfo .az"a açıqlamasında Konstitusiyaya gedən yolu müstəqilliyin ilk illərindəki siyasi şəraitlə birgə dəyərləndirib:


    “Konstitusiyanın hazırlanması üçün dövlətçilik möhkəm əsasa malik olmalıdır. Bu əsası isə milli dövlət quruculuğu təşkil edir. AXC-Müsavat hakimiyyətinin idarəçilik bacarığının olmaması dövlət quruculuğunu mümkünsüz edirdi və  o illər bunu çox ağır nəticələrlə göstərdi. Qanunçuluğun olmadığı, insanların öz təhlükəsizliyinə əmin olmadığı şəraitdə hüquqi dövlətdən danışmaq mümkün deyildi”.


    Deputat Ümummilli Lider Heydər Əliyevin Konstitusiyanın hazırlanması prosesindəki rolunu xüsusi vurğulayıb:


    “Heydər Əliyev əvvəlcə dövləti xaosdan çıxardı, sonra isə onun hüquqi çərçivəsini yaratmağa başladı. Bu ardıcıllıq çox vacib idi, çünki sabitlik olmasaydı, ən mükəmməl mətn də kağız üzərində qalacaqdı. Hələ sovet dövründə dövlət dilinin Azərbaycan dili olması barədə təklifi irəli sürməsi də onun milli dövlətçiliyə münasibətində ardıcıl olduğunu sübut edir. Ona görə Konstitusiyanın müəllifi kimi Ulu Öndərin adının çəkilməsi tarixi həqiqətdir”.


    Kamal Cəfərov Konstitusiyanın bugünkü əhəmiyyəti və qarşıdakı vəzifələr barədə də fikirlərini bölüşüb:


    “Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Konstitusiya suverenliyimizin hüquqi ifadəsi kimi daha çox məna qazanıb. Əsas Qanunun referendumlarla dəfələrlə təkmilləşdirilməsi dövlətin cəmiyyətin tələblərinə reaksiya verə bildiyini göstərir. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi, yubiley medalının təsis olunması isə Prezident İlham Əliyevin bu irsə sadiqliyinin ifadəsidir. Ancaq hüquqi dövlətin qurulmasında və qorunmasında vətəndaşın hüquqlarını bilməsi və onlardan istifadə edə bilməsi vacibdir. Ona görə də gənc nəsil Konstitusiyanı keçmişin xatirəsi kimi qəbul etməməli, bu gün hüquqlarını qoruyan sənəd kimi tanımalıdır”.


    Bəradər Səməndərli 

    Milli Məclisin deputatı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ