Razi Nurullayev,
Milli Cəbhə Partiyasının başqanı, millət vəkili
Türkiyənin “soL” TV adlı “YouTube” kanalında 5 noyabr 2026-cı ildə yayımlanan "Büyük Türkiye Azerbaycan"da nasıl duvara tosladı?” başlıqlı videosu bu gün qarşıma çıxdı və 18 dəqiqəlik videonu izlədim.
Açığı, bu materialın təqdimat tərzi məndə ciddi narazılıq yaratdı deyə cavab verməyi botc saydım. Mənim qənaətimcə, burada məqsəd Azərbaycan-Türkiyə münasibətlərini obyektiv təhlil etməkdən daha çox, iki qardaş ölkə arasında qarşıdurma təsəvvürü yaratmaq olub.
Videonun adından tutmuş son cümləsinə qədər eyni yanaşma hiss olunur: guya Azərbaycan Türkiyəni alçaldıb, Türkiyə Azərbaycanın qarşısında aciz qalıb, iki ölkənin iqtisadi əməkdaşlığı isə siyasi asılılıq yaradıb. Bu qədər birtərəfli yanaşmaya obyektiv jurnalistika demək çətindir.
Əvvəla, “soL” TV kanalının rəhbərliyinə və bu materialın müəlliflərinə bir həqiqəti xatırlatmaq istəyirəm: Qardaşlar arasında aşağılanmaq və alçaltmaq anlayışı olmaz! Azərbaycan Türkiyəni, Türkiyə də Azərbaycanı alçalda bilməz!
Siz Azərbaycanla Türkiyəni sanki bir-birinə düşmən olan dövlətlər kimi təqdim edirsiniz. Türkiyənin böyüklüyünü Azərbaycanın kiçikliyi ilə müqayisə edir, Azərbaycanın gücünü isə Türkiyə üçün təhlükə kimi göstərməyə çalışırsınız. Bu, nə siyasi təhlilə, nə də sağlam məntiqə sığır.
Məgər Türkiyə o zaman böyük dövlət sayılacaq ki, Azərbaycanı əzsin, ona təzyiq göstərsin, onun daxili işlərinə müdaxilə etsin?
Məgər Azərbaycanın öz suverenliyini müdafiə etməsi Türkiyəyə hörmətsizlikdir?
Bu necə düşüncə tərzidir?
Videoda Azərbaycanın Türkiyəyə yatırdığı milyardlarla dollarlıq sərmayə də mənfi məzmunda təqdim olunur. Halbuki bu investisiyalar iki ölkənin iqtisadiyyatını bir-birinə bağlayan, qarşılıqlı inkişafına xidmət edən strateji əməkdaşlığın tərkib hissəsidir.
Dünyanın müxtəlif ölkələri bir-birinə investisiya yatıranda buna iqtisadi tərəfdaşlıq deyilir, Azərbaycan Türkiyəyə sərmayə qoyanda isə “soL” TV bunu siyasi təzyiq vasitəsi kimi təqdim edir. Bu yanaşmanın məntiqini anlamaq mümkün deyil.
Daha bir məsələ məni xüsusilə narahat edir. Videoda Qarabağ mövzusundan da iki ölkənin münasibətlərinə kölgə salmaq üçün istifadə olunur.
Halbuki Qarabağ Azərbaycanla Türkiyə qardaşlığının ən parlaq səhifələrindən biridir. Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstəyi biz heç vaxt unutmayacağıq. Eyni zamanda Azərbaycan öz torpaqlarını öz ordusunun, əsgərinin, şəhidlərinin qanı və qəhrəmanlığı ilə azad edib.
Burada nə minnət var, nə də borclu çıxarmaq məntiqi. Burada qardaşlıq var!
Mən “soL” TV kanalının rəhbərliyindən soruşmaq istəyirəm: Siz Azərbaycanla Türkiyə arasında hansı münasibətləri görmək istəyirsiniz?
Qarşıdurma, düşmənçilik, qarşılıqlı ittihamlar? Niyə iki dövlətin bəzi zamanlarda ortaya çıxsn və tez də həllini tapan fikir ayrılıqlarını diplomatik müstəvidə həll etməsini zəiflik, qarşılıqlı hörməti isə alçalma kimi təqdim edirsiniz?
Türkiyədə hakimiyyəti tənqid etmək sizin haqqınızdır. Azərbaycanda hakimiyyəti sağlam tənqid etmək də hər kəsin haqqıdır.
Mən özüm də müxalif siyasətçiyəm və tənqidin demokratik cəmiyyət üçün nə qədər vacib olduğunu yaxşı bilirəm.
Ancaq hakimiyyətləri tənqid etməklə xalqlar arasında düşmənçilik yaradan ritorikadan istifadə etmək tamamilə fərqli məsələlərdir.
Sayın Ərdoğanı tənqid etmək üçün Azərbaycanı, Prezident Əliyevi tənqid etmək üçün isə Türkiyəni hədəfə çevirmək lazım deyil!
Kanal rəhbərliyi də anlamalıdır ki, jurnalistikanın məsuliyyəti təkcə izlənmə toplamaq və səs-küylü başlıqlar seçmək deyil. Sözün, xüsusilə iki qardaş xalqın münasibətlərinə toxunan sözün məsuliyyəti var.
“Türkiyə Azərbaycan qarşısında alçaldıldı” kimi ifadələr üzərində qurulan redaksiya xətti dostluğa, qardaşlığa və qarşılıqlı anlaşmaya deyil, düşmənçilik toxumu səpməyə xidmət edir.
Azərbaycanla Türkiyə arasında müəyyən fikir ayrılıqları ola bilər. Biz iki müstəqil dövlətik və hər birimizin öz milli maraqları var. Amma bu maraqların fərqli olduğu məqamları böyüdüb xalqlar arasında uçurum yaratmağa çalışmaq düşmənçilikdir. Türkiyənin güclü olması Azərbaycanın, Azərbaycanın güclü olması isə Türkiyənin maraqlarına uyğundur. Biz bir-birimizin rəqibi deyilik.
Bizim birliyimiz heç bir üçüncü dövlətin maraqlarına qarşı qurulmayıb, əksinə, regionda sabitliyə və təhlükəsizliyə xidmət edir. Unutmayın ki, Azərbaycan–Türkiyə münasibətləri nə bir siyasi partiyanın, nə bir hakimiyyətin, nə də ayrı-ayrı iş adamlarının münasibətlərindən ibarətdir. Bu qardaşlığın arxasında ortaq tarix, dil, mədəniyyət, Çanaqqala, Qafqaz İslam Ordusu, Qarabağ və iki xalqın bir-birinə göstərdiyi fədakarlıq dayanır.
“soL” TV rəhbərliyinə son sözüm budur: Türkiyəni böyük göstərmək istəyirsinizsə, Azərbaycanı kiçiltməyə ehtiyac yoxdur. Türkiyədə hakimiyyətlə mübarizə aparırsınızsa, bu mübarizəyə Azərbaycan xalqını alət etməyin. Siyasi tənqid adı altında qardaş xalqları qarşı-qarşıya qoyan ritorikadan uzaq durun.
Azərbaycanın Türkiyəyə sevgisi hansısa hakimiyyətin varlığı ilə başlamayıb və onun dəyişməsi ilə də bitməyəcək. Eyni sözləri Türkiyə xalqının Azərbaycana münasibəti haqqında da deyə bilərik.
Azərbaycan və Türkiyə qardaşlığı siyasi mübahisələrdən daha böyük, iqtisadi maraqlardan daha dərin, ayrı-ayrı şəxslərin ambisiyalarından isə daha güclüdür. Bir millət, iki dövlət! Bu, sadəcə şüar deyil, bizim ortaq taleyimizdir!
