Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirilib


    12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya – müstəqil dövlətçiliyimizin hüquqi təminatı və milli suverenliyimizin təməli” mövzusunda dəyirmi masa keçirilib.


    "Atributinfo.az" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər. Sonra YAP rayon təşkilatının inzibati binasında rayon rəhbərliyi, YAP rayon təşkilatı, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

    Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik edərək, Azərbaycan Konstitusiyasının dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğunun təmin edilməsində və cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyinin bərqərar olmasında müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

    Çıxışında qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının yaradılması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinin ayrılmaz tərkib hissəsidir. Məhz Ulu Öndərin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoyub. Konstitusiyanın qəbul edilməsi müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, dövlət-vətəndaş münasibətlərinin hüquqi çərçivəsini formalaşdıran tarixi hadisə olub.

    Vəfa Heydərova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Konstitusiyada təsbit olunmuş dövlətçilik prinsipləri real siyasi, iqtisadi və hüquqi nailiyyətlərlə zənginləşdirilib. Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi və qanunun aliliyinin gücləndirilməsi bu siyasətin mühüm istiqamətləridir.

    Xüsusilə vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə ölkəmizin Konstitusiyasının hüquqi qüvvəsi bütün suveren ərazilərimizdə təmin olunub. Bu, Azərbaycan dövlətçiliyinin tarixində yeni və şərəfli mərhələ olmaqla, Ulu Öndər Heydər Əliyevin müstəqil, qüdrətli və ərazi bütövlüyü təmin edilmiş Azərbaycan dövləti ilə bağlı arzularının Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə reallaşdırılmasının parlaq təzahürüdür.

    Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax Rayon Məhkəməsinin hakim köməkçisi Kənan Ehsanov, Tofiq İsmayılov adına Qax şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Faiq Sofiyev çıxış edərək 

    Konstitusiyanın ölkənin siyasi-hüquqi sistemindəki rolundan, insan hüquq və azadlıqlarının təminatçısı kimi əhəmiyyətindən, dövlət və cəmiyyət münasibətlərinin tənzimlənməsindəki yerindən bəhs ediblər.

    Sonda vurğulanıb ki, Konstitusiyaya hörmət və onun prinsiplərinə əməl etmək hər bir vətəndaşın dövlətçilik qarşısında məsuliyyətinin, hüquqi düşüncəsinin və vətəndaş mövqeyinin göstəricisidir. Müstəqil Azərbaycanın güclü gələcəyi isə Konstitusiyanın müəyyən etdiyi dəyərlərin qorunması, qanunun aliliyinin təmin edilməsi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi ilə bilavasitə bağlıdır.


    Bəradər,

    Zahir

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ