Sizin reklam burada
Sizin reklam burada
  • Aynurə ƏLİYEVA "Turanım mənim"


    Aynurə ƏLİYEVA

    ADPU elmi işçi, müəllim


    Turanım mənim!


    Qazax qardaşımdır, Qırğız dayağım,

    Türkmən - ocağımdır, Özbək - çırağım.

    Hər qarış torpağın - ana qucağım,

    Sarsılmaz elimsən, Turanım mənim!


    Təbrizin həsrəti, Bakının canı,

    Ankara türklüyün şöhrəti, şanı.

    Damarda dövr edər türkün saf qanı,

    Çağlayan selimsən, Turanım mənim!


    Uyğur qan yaddaşım, tarixim, köküm,

    Tatar iradəmdir, bitməz dözümüm.

    Səninlə yüngüldür hər ağır yüküm,

    Doğan Günəşimsən, Turanım mənim!


    Altaydan gəlirəm, yolum uzaqdır,

    Mən türk oğlu türkəm, sözlərim haqdır.

    Türkün gələcəyi daim parlaqdır,

    Sönməz məşəlimsən, Turanım mənim!


    Göy türkün tuğusan, tarixin izi,

    Bir ana bətnində böyütdün bizi.

    Birliyə şövq etdin coşqun dənizi,

    İgidlik rəmzimsən, Turanım mənim!


    Bir kökdən su içən uca çinarıq,

    Biz haqqa söykənən polad divarıq.

    Dünya sarsılsa da, biz sarsılmarıq,

    Tükənməz sevgimsən, Turanım mənim!


    Göy Tanrı qorusun bu şanlı soyu,

    Oğuzun, Qıpçağın, Qarluğun boyu.

    Bir olsun bayramı, bir olsun toyu,

    Vurulan möhrümsən, Turanım mənim!


    Bu eşqlə ucaldıq, bu andla varıq,

    Biz sönməz işığıq, bitmez baharıq.

    Adınla hər zaman qürurlanarıq,

    Müqəddəs dinimsən, Turanım mənim!


    Qopuzlar dinlənsə, dastan canlanar,

    Turan nərə çəksə, dağ çalxalanar.

    Bir bayraq altında ellər toplanar,

    Bütöv Vətənimsən, Turanım mənim!


    Göy Tanrı ucaltsın uca taxtını,

    Daim açıq tutsun türkün baxtını.

    Qoy yazsın türklüyün şanlı vaxtını,

    Gücüm, kimliyimsən, Turanım mənim!


    Əyilməz vüqarım, dəmir biləyim,

    Sən döyünən nəbzim, vuran ürəyim!

    Tanrıdan tək arzum, uca diləyim,

    Ana məsgənimsən, Turanım mənim!


    Aynurəyəm, hər misram bir nəğmədir,

    Müqəddəs bayrağım zirvələrdədir,

    Tarixim, salnaməm daş sinəndədir,

    Şanlı zəfərimsən, Turanım mənim!



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ