Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili
Bu gün Milli Məclisin Elm və Təhsil Komitəsinin təşəbbüsü və Elm Təhsil Nazirliyinin dəstəyi ilə Astarada keçirilən Regional Təhsil Dialoqu təhsil ictimaiyyətinin nümayəndələrini, qanunvericilik və idarəetmə qurumlarını, ali və orta təhsil müəssisələrinin rəhbərlərini, müəllimləri və ekspertləri bir araya gətirən mühüm fikir və müzakirə platforması oldu.
Tədbir çərçivəsində “Təhsilin keyfiyyəti — məktəbdən universitetə” mövzusu əsasında iki əsas panel üzrə geniş və açıq müzakirələr aparıldı. Panel sessiyalarında region məktəblərində tədrisin keyfiyyəti, müəllim faktoru, motivasiya və qiymətləndirmə mexanizmləri, müəllimlərin gündəlik praktik çətinlikləri, eləcə də məktəb–universitet əlaqələrinin gücləndirilməsi və regionlar üçün yeni təhsil imkanları kimi aktual məsələlər diqqət mərkəzində oldu.
Müzakirələrdə əsas vurğulanan məqamlardan biri bu oldu ki, təhsildə keyfiyyət yalnız kurikulum və proqram məsələsi deyil, müəllimin peşə hazırlığı, psixoloji dayanıqlığı, sistem dəstəyi və düzgün qiymətləndirmə mexanizmləri ilə birbaşa bağlıdır. Çıxışlarda müəllim tükənmişliyi, kadr sabitliyi, regionlarda təhsil resurslarının balanslı bölüşdürülməsi və universitetlərin məktəblərlə metodiki əməkdaşlığı xüsusi olaraq qeyd edildi.
Panel formatı açıq debat və qarşılıqlı fikir mübadiləsi üzərində qurulduğundan, iştirakçılar yalnız mövqe bildirməklə kifayətlənməyib, real həll modelləri və tətbiq oluna biləcək təşəbbüslər də səsləndirdilər. Tədbir zamanı müəllimlərin və təhsil ictimaiyyəti nümayəndələrinin təltif olunması da proqramın mühüm hissəsini təşkil etdi.
Regional Təhsil Dialoqunun əsas məqsədi təhsildə qərarverici səviyyə ilə sahədə çalışan müəllim və idarəçilər arasında birbaşa dialoq mühiti yaratmaq, real ehtiyacları və praktik təcrübəni müzakirənin mərkəzinə gətirməkdir.
Təhsilin keyfiyyətli gələcəyi güclü müəllim, düzgün model və davamlı dialoqdan keçir.
