Küləkli hava xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi çətinliklər yaradır. Küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi - aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə, yükdaşıma, eləcə də ikitəkərli nəqliyyat vasitələri ilə sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək, küləkli hava şəraitini nəzərə almağı, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir.
“Bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bütün hərəkət iştirakçılarını intizama dəvət edir, onlara təhlükəsiz yol arzulayırıq!”, - deyə müraciətdə qeyd olunur.
