Sizin reklam burada
Sizin reklam burada
  • BSU-nun rektoru Trakya Universitetində “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib

    Türkiyənin Ədirnə şəhərində yerləşən Trakya Universitetində prorektorların, dekanların, İqtisadi və idarəetmə elmlər fakültəsinin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib.

    Bu barədə BSU-dan bildirilib. Tədbir Trakya Universitetinin tanıtım videoçarxının nümayişi ilə başlayıb. Ardınca BSU-nun rektoru Anar Nağıyevin avtobioqrafiyası barədə məlumat verilib.

    Trakya Universitetinin prorektoru Eylem Bayır tədbirin açılışında çıxış edərək mövzunun aktuallığını vurğulayıb.

    Rektor Anar Nağıyev çıxışında dəyişən geosiyasi reallıqlar fonunda siyasi coğrafiyanın dövlətlərin inkişafında və beynəlxalq mövqelərinin formalaşmasında oynadığı rolu xüsusi vurğulayıb. O, coğrafi mövqe və qonşuluq amillərinin ölkələrin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına birbaşa təsir etdiyini qeyd edərək, bu kontekstdə Azərbaycanın Türk dünyası, Avropa, Asiya və Yaxın Şərq regionlarında artan rolundan bəhs edib.

    Tarixin dövlətçilik üçün əhəmiyyətinə toxunan rektor Gülüstan və Türkmənçay müqavilələri ilə parçalanmış Azərbaycanın əsrlər boyu işğal və itkilərlə üzləşdiyini xatırladıb, müstəqilliyə gedən tarixi yolun çətinliklərini diqqətə çatdırıb. O bildirib ki, müasir Azərbaycanın dövlətçilik təməlləri Ulu Öndər Heydər Əliyevin yaratdığı milli ideologiya üzərində formalaşıb və Prezident İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu haqq savaşında qardaş Türkiyənin göstərdiyi dəstək xüsusi vurğulanıb.

    Türkiyənin geosiyasi mövqeyinə də toxunan rektor bu ölkənin Qərb, Avropa, Yaxın Şərq və Türk dünyası ilə əlaqələrinin strateji əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki çıxışına istinad edərək türk dövlətləri arasında birliyin və inteqrasiyanın güclənməsinin Azərbaycan üçün önəmini diqqətə çatdırıb.

    A.Nağıyev, həmçinin Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, sülh və əməkdaşlıq imkanlarını, Orta Dəhlizin strateji əhəmiyyətini və Zəngəzur dəhlizinin regionda inteqrasiyanı gücləndirən əsas faktor olduğunu vurğulayıb. Əlavə edib ki, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini və ümumilikdə türk birliyini daha da möhkəmləndirən tarixi sənəddir.

    Rektor Azərbaycanın uğurlu enerji siyasəti, regional və qlobal əməkdaşlıq platformalarındakı fəal rolu, Qoşulmama Hərəkatına töhfələri və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə dünya siyasətində mühüm aktora çevrildiyini bildirib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ