Milli Məclisin deputatı,
DGKTXİ Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi
Bu il keçirilən qəbul imtahanlarının nəticələri bir daha göstərdi ki, yüksək bal toplayan gənclərimizin böyük əksəriyyəti tibb fakültəsini seçib. Bu, təkcə bir peşə seçimi deyil, həm də ölkəmizdə səhiyyə sahəsinə və onun gələcəyinə olan güclü inamın göstəricisidir. Hər bir gənc tələbəmizi ürəkdən təbrik edirəm.
Əziz tələbələr! Bu seçimlə siz böyük və şərəfli bir ailəyə – Azərbaycan Səhiyyəçilər Ailəsinə qoşulursunuz. Qarşınızda uzun, fədakarlıq və məsuliyyət tələb edən bir yol var. Bu yolda uğur qazanmaq üçün yalnız yüksək bilik deyil, həm də vicdan, empatiya və insan həyatına sonsuz hörmət əsas meyarlarınız olmalıdır.
Unutmayın ki, həkimlik sadəcə bir ixtisas deyil, bir missiyadır. Sizin hər bir qərarınız bir insanın həyatına, ailəsinə və gələcəyinə təsir edəcək. Uğur isə, bütün çətinliklərə rəğmən, “inananların, səbredənlərin və əsla vaz keçməyənlərin” başına gəlir. Bu şərəfli və məşəqqətli yolda hər birinizə uğurlar arzulayıram.
Son illərdə dövlətimizin səhiyyə siyasəti bu məqsədlərə xidmət edir: müasir klinikaların istifadəyə verilməsi, yüksək texnologiyaların gətirilməsi, tibbi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına çalışılması və gənc həkimlərin xaricdə təcrübə imkanlarının genişləndirilməsi bunun parlaq nümunələrindəndir.
Bu yolda Azərbaycan Tibb Universiteti, Seçenov Universitetinin Bakı filialı və Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsi kimi ali təhsil ocaqlarının birgə fəaliyyəti ölkəmizin tibbi gələcəyini daha da möhkəmləndirəcək.
Uğurlarımız bol olsun!
