Sizin reklam burada
Sizin reklam burada
  • Yüksək keyfiyyətli təhsil üçün adekvat maliyyə təminatı vacibdir

    Son günlər Tibb Universitetində ödənişli Təhsil Haqqının artırılması ilə bağlı müxtəlif müzakirələr gedir. Fərqli yanaşmaların olması təbiidir və hər bir fikrə hörmətlə yanaşmaq, sağlam müzakirə mühitini qorumaq cəmiyyətimizin inkişafı üçün vacibdir. Müxtəlif baxış bucaqları, əslində, bizi daha möhkəm və balanslı qərarlara aparır.

    "Tibb təhsili – ən strateji sərmayəmizdir" deyə yazıma davam etmək istəyirəm. Unutmamalıyıq ki, dünyanın hər yerində tibb təhsili digər sahələrlə müqayisədə ən bahalı və ən strateji təhsil növüdür. Bunun səbəbi sadədir – həkim yetişdirmək üçün ən müasir texnologiyalar, yüksək ixtisaslı müəllim heyəti, geniş klinik baza və praktiki təcrübə imkanları tələb olunur. Əgər biz tibbin gələcəyinə güvənmək və səhiyyəmizi dünya səviyyəsinə çıxarmaq istəyiriksə, təhsilə qoyulan investisiya da bu səviyyəyə uyğun olmalıdır.

    Bu, heç də imkansız ailələrin övladlarının həkim olmasına maneə yaratmır. Çünki ölkəmizdə fəaliyyət göstərən Tələbə Kredit Fondu – illik cəmi 2% simvolik faizlə, işə başladıqdan sonra uzun illər ərzində qaytarılma imkanı ilə – dünyada bəlkə də ən nümunəvi sistemlərdən biridir. Əsas məsələ, bu fondun imkanlarından cəmiyyətin düzgün və effektiv şəkildə yararlanmasıdır. Təəssüf ki, hələ də bir çox tələbə və ailə bu imkandan tam istifadə etmir və mövzunu yalnız qiymət artışı prizmasından dəyərləndirir. Halbuki dövlətin, eləcə də müxtəlif fondların məqsədi, istedadlı gənclərin maddi çətinlik səbəbindən təhsildən kənarda qalmamasıdır.

    Gələcəkdə, bəzi (Almaniya) inkişaf etmiş ölkələrdə olduğu kimi, yerli vətəndaşlar üçün tamamilə dövlət və ya xüsusi fondlar tərəfindən qarşılanan təhsil modelinə keçid mümkündür. Amma bu, “təhsil pulsuzdur” deyərkən pulun ödənilməməsi anlamına gəlmir – sadəcə həmin ödənişlərin dövlətin daxili resursları və sosial mexanizmlər vasitəsilə təmin olunması deməkdir.

    Bu gün ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə də Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin və səhiyyənin paralel inkişafına yönəlmiş siyasət, məhz yüksək keyfiyyətin, sosial bərabərliyin və davamlı inkişafın təmin olunmasına xidmət edir. Bu siyasətin əsasında həm milli resurslarımızın səmərəli idarə olunması, həm də gələcək nəsillər üçün dayanıqlı və ədalətli sistemin qurulması dayanır.

    Ona görə də bu məsələyə yalnız bir tərəfdən baxmaq doğru deyil. Yüksək keyfiyyətli təhsil üçün adekvat maliyyə təminatı vacibdir, eyni zamanda sosial bərabərlik üçün mövcud mexanizmlərin hamı tərəfindən düzgün və məqsədyönlü istifadəsi təmin olunmalıdır. İnkişafın yolu - qarşılıqlı hörmət, obyektiv yanaşma və birlikdə məsuliyyət hissi ilə mümkündür.

    Hörmətlə,
    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə və Elm Təhsil Komitəsinin üzvü ⤵⤵⤵

    ❗Ps: şərhlərdən sonrakı əlavələr:
    Əziz dostlar!

    Hamınızın fikirlərinə hörmətlə yanaşıram. Görürəm ki, bir çox insan paylaşdığım fikirlərə münasibət bildirərkən, yazının yalnız bir cümləsini oxuyur, məzmununu isə diqqətlə araşdırmır. Halbuki orada məqsədim sadəcə qiymət artımını qeyd etmək deyil, bu addımın gələcəkdə təhsilin keyfiyyətinə necə təsir göstərə biləcəyini izah etməkdir.

    Bir daha bildirmək istəyirəm ki, istənilən mövzuda düzgün fikir bildirmək üçün onu tam oxumaq, araşdırmaq və arqumentləri anlamaq lazımdır. Ən əsası isə fikirlər üst üstə gəlmədiyində belə, təhqirə yol verməmək ərdəmliyini nümayiş etdirməliyik. Axı biz bu əsrdə dünyanın hələki ən müzəffər xalqının nümayəndələriyik. Bu yazı da olduğu kimi "bir kitabın yalnız üz qabığına baxaraq hökm vermək, içini bilmədən mühakimə aparmaq" nə dərəcədə doğru ola bilər?

    Ona görə də xahiş edirəm, mövzulara münasibət bildirərkən əvvəlcə tam şəkildə oxuyaq, daha sonra fikir söyləyək. Ancaq bu halda müzakirələr faydalı nəticə verə bilər.

    Tibb təhsili mövzusuna yalnız bir tərəfdən baxmaq doğru deyil.
    ✅ Yüksək keyfiyyətli təhsil üçün adekvat maliyyə təminatı
    ✅ Sosial bərabərlik üçün mövcud mexanizmlərin düzgün istifadəsi
    ✅ Qarşılıqlı hörmət və obyektiv yanaşma

    Müzakirə olunmalı əsas məsələlər:
    × Bu il tibb fakültəsinə qəbul olan tələbələrin neçəsinin dövlət sifarişi ilə, neçəsinin ödənişli oxuduğuna dair rəsmi statistikaya baxılmalıdır. Bu, mövzunu qiymət artımı prizmasından deyil, ümumi təhsil siyasəti baxımından qiymətləndirməyə imkan verər.
    × Tələbə Kredit Fondu — ölkəmizdə ödənişli təhsilin əlçatanlığını artırmaq üçün mühüm addımdır: məzuniyyətdən sonra 2 il güzəşt və 10 illik ödəniş müddəti ilə dünyada nadir rast gəlinən şərtlərə malikdir.

    Dünya təcrübəsindən ən yaxşı nümunələri araşdırmalıyıq. Məsələn;

    Norveç: Diplom alan tələbənin borcu qrant şəklinə çevrilə bilir.

    İslandiya: 2 il güzəşt müddəti, çox aşağı faiz.

    Cənubi Koreya: Gəlirdən asılı olaraq ödəniş, bəzən faizsiz.

    Almaniya: Əsasən faizsiz, borc məbləği məhdud.

    Kanada: Faiz xərclərini dövlət qarşılayır vəs...

    Bəli, hər kəsin arzuladığı ideal sistemi biz də arzulayırıq. Amma bu yola gedərkən görüləcək işlər, atılacaq addımlar və mövcud resurslara görə daha optimal həllər seçilməlidir. Arzularla reallıq bəzən üst-üstə gəlmir, amma onları reallığa çevirmək üçün durmadan çalışmaq, mübarizə aparmaq, fikir bildirmək, sağlam müzakirə aparmaq, qarşılıqlı düşüncələri paylaşmaq və adekvat addımlar atmaq ən doğru yoldur.

    Unutmayaq ki, məqsəd yalnız qiymət artımı mübahisəsi deyil — əsas məqsəd sabahın yüksək ixtisaslı həkimlərini yetişdirmək və bunun üçün ədalətli, davamlı bir sistem qurmaqdır.

    Arzumuz isə bəlkə bu gün hamımız üçün bir xəyal kimi görünə bilər, amma Qarabağ kimi mürəkkəb bir problemini həll etmiş xalq və dövlətin — tam pulsuz, ən müasir tibbi xidmətlərlə təchiz olunmuş, dünyanın ən yüksək səviyyəli tibbi təhsilini verən, müəllimlərinin qürur, tələbələrinin isə xoşbəxtlik hissi ilə yaşadığı bir təhsil mexanizmini quracağına heç şübhəmiz olmasın.

    Hər birinizə sağlam, təhlükələrdən uzaq, xoş əhval-ruhiyyəli, bol bərəkətli ömür arzulayıram.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ