Sizin reklam burada
Sizin reklam burada
  • Elnur Əbülfəzoğlu - ŞEİRLƏR


    Elnur Əbülfəzoğlu

    Görüş

    Ğorüşdük səninlə görüş yerində,
    Üz-üzə dayanıb, əl-ələ tutduq.
    Görüşdük ən gözəl günün birində,
    Bir an dərdi,qəmi tamam unutduq.

    Süzgun baxıslarla üzümə baxdın,
    Sevirəm söylədi o baxış mənə.
    Sən sevən qəlbimi odlara yaxdın,
    Elə bil yenidən vuruldum sənə.
    Danışdıq gələcək gunlərimizdən,
    Dedik uca tutaq bu məhəbbəti.
    Danışdıq ən gözəl illərimizdən,
    Nə küsdük, nə də ki incidik qəti.

    Bu günü beləcə keçirdik qoşa,
    Kaş ki bu sevgimiz gəlməsin gözə.
    Gəl yenə səninlə verək baş-başa,
    Sevgi bəxş eyləsin Yaradan bizə.

    Gözəlim

    Mənəm görüş yerində gözləyirəm yollarını,
    Gəl uzaq getmə gözlərimdən amandır gözəlim.
    Gəl duraq üz-üzə biz boynuma sal qollarını,
    Tək səni istəyirəm gör nə zamandır gözəlim.

    Neyləyim mən daha sənsizliyə yoxdur ki dözüm,
    Səndən özgə kimsəyə bil ki baxmayır bu gözüm.
    Gəl mənim qismətim ol tək səni sevirəm özüm,
    Tez qayıt gəl yanıma halım yamandır gözəlim.

    Gedişinlə vurmusan qəlbimə həsrət yarası,
    Yoxdu sənsiz inan ki xəstə könlümün çarası.
    Nə olar üzmə məni gəl qovuşaq ay qadası,
    Belə getsə sevgimiz burda tamamdır gözəlim.

    İlahi yazan qismət

    Sən coşub-çağlayan eşq dənizimsən,
    Mən mavi qoynunda üzən gəmiyəm,
    Sən mənim sevimlim, ən əzizmsən,
    Mən səni canım tək sevən biriyəm.

    Sən sevgi bağımda açan tər çiçək,
    Mən səni qoxlayan sevən bir aşiq.
    Gəl saf məhəbbətə,eşqə and içək,
    Olaq bu həyatda sevgiyə sadiq.

    Həsrət aramızdan geri çəkilsin,
    Əlvida söyləsin vüsal həsrətə.
    Məhəbbət bağında güllər əkilsin,
    Şad olaq İlahi yazan qismətə.

    Səndən özgə sevmərəm

    Heç nəyə dəyişmərəm sənin xoş baxışını,
    Səndən özgə sevmərəm kimsəni bu həyatda.
    Unutmaram heç zaman o xoş davranışını,
    Səndən özgə sevmərəm kimsəni bu həyatda.

    Sevgi ilə açmısan qəlbimin qapısını,
    Çıxarmısan yadımdan həsrətin acısını.
    Qəlbimə köçürmüsən eşqinın hamısını,
    Səndən özgə sevmərəm kimsəni bu həyatda.

    Sən ömrümə nur saçan günəşimdən,ayımsan,
    Sən çağlayan dənizim,coşub-daşan çayımsan.
    Sən mənim qismətimə Tanrı yazan payımsan,
    Səndən özgə sevmərəm kimsəni bu həyatda.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ