Sizin reklam burada
Sizin reklam burada
  • Əməkdaşlıq üçün yeni imkanlar yaranır


    Həbib Cəfərov

    YAP Astara rayon təşkilatının sədri


    Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də ölkəmizə rəsmi səfər etdi. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. 30 illik etimadə əsaslanan Azərbaycan-Laos münasibətlərinin gələcək inkişafının yeni istiqamətləri müəyyənləşdirildi, konkret addımlar atıldı. İki ölkə arasında qəbul edilən Birgə Bəyanat bunun təsdiqidir.

    İki ölkənin siyasi müstəvidə əlaqələri çox uğurla inkişaf edir. “Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik” söyləyən cənab İlham Əliyev bildirdi ki, bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı, nə də niyyətimizi əks etdirir. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Bu məqam da xüsusi qeyd edildi ki,  əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır.

    Müzakirələrdə o da bildirildi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Azərbaycan bu ənənənin bərpa edilməsinin gərəkliyini bildirir. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik.

    “Əfsuslar olsun ki, bizi bir ciddi problem də birləşdirir, o da minalardır. Cənab Prezident mənə bildirdi ki, baxmayaraq, onların müharibəsindən bir neçə onillik keçib, amma bu günə qədər insanlar minalardan əziyyət çəkirlər və öz həyatlarını, sağlamlıqlarını itirirlər” deyən Prezident İlham Əliyev onu da vurğuladı ki,  Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.

    Parlamentlərarası əlaqələr də Azərbaycan-Laos münasibətlərinin mühüm istiqamətlərindən biridir. Bu əlaqələrin mövcudluğu iki ölkənin qanunverici orqanları arasında dialoqun inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkədə dostluq qrupları yaradılmışdır və bu da özlüyündə bir göstəricidir. Çünki biz, eyni zamanda, bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır.

    Göründüyü kimi, Azərbaycan-Laos münasibətlərinin gələcək inkişafı üçün bütün imkanlar mövcuddur. Tərəflərin də qeyd etdiyi kimi, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda  bunun üçün  imkanlar,  ən önəmlisi qarşılıqlı iradə var. “Laos bizim üçün dost ölkədir” deyən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, 30 ildən çoxdur davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir. Laos Prezidentinin Azərbaycana rəsmi səfəri və ayın 15-də Zirvə görüşündə nəzərdə tutulan iştirakı bunu bir daha göstərir.

    Səfər ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın genişləndirilməsində, gələcəkdə daha çox sahəni əhatə edən əlaqələrin qurulmasında böyük rol oynayacaq.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ