Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Onun sözlərinə görə,Prezident İlham Əliyevin AQEM-in Bakı sammitində çıxışında hazırkı Ermənistan rəhbərliyinin də 2018-ci ildən etibarən sələflərinin siyasətini davam etdirməsinə diqqət çəkilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
"Davamlı sülh üçün keçmişin dərsləri düzgün qiymətləndirilməli, qarşılıqlı etimadın formalaşmasına mane olan məsələlər açıq şəkildə müzakirə edilməlidir. Əks halda, siyasi ritorika dəyişsə də, köhnə düşüncə tərzi və qarşıdurma meyilləri qalmaqda davam edəcək",- o vurğulayıb.
Deputat bildirib ki, Prezidentin Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslər üzərində keçirilmiş məhkəmə prosesini mahiyyət və forma baxımından Nürnberq tribunalı ilə müqayisə etməsi çıxışın diqqətçəkən məqamlarından biridir:
"Dövlət başçısının yanaşmasında əsas fikir müharibə cinayətlərinin cəzasız qalmamalı olmasıdır. Nürnberq tribunalı İkinci Dünya müharibəsindən sonra beynəlxalq hüquqda fərdi məsuliyyət prinsipinin möhkəmlənməsində mühüm tarixi rol oynadı. O, siyasi və hərbi rəhbərlərin törədilmiş cinayətlərə görə məsuliyyət daşıya biləcəyini nümayiş etdirdi.
Azərbaycanın öz məhkəmə prosesini bu tarixi təcrübə ilə əlaqələndirməsi də müharibə cinayətlərinə hüquqi qiymət verilməsi və cəzasızlıq ənənəsinin aradan qaldırılması ideyasına söykənir. Bununla belə, Nürnberq tribunalı beynəlxalq hərbi tribunal, Bakıdakı proses isə Azərbaycan milli məhkəmə sisteminin icraatıdır. Onların hüquqi statusu və yurisdiksiyası fərqli olsa da, müharibə cinayətlərinə görə məsuliyyət prinsipinin vurğulanması baxımından müqayisə aparılır".
A.Nağıyev əlavə edib ki, Azərbaycanın mövqeyində mühüm bir məqam da xalqın üzləşdiyi ağır faciələrə baxmayaraq, intiqamı özbaşına zorakılıqla deyil, dövlətin hüquqi mexanizmləri vasitəsilə əvəz etmək yanaşmasıdır:
"Prezidentin Azərbaycan xalqının əzablarına səbəb olmuş şəxslərin səviyyəsinə enməməsi barədə fikri də bu mənəvi və siyasi mövqeni ifadə edir".
O eyni zamanda qeyd edib ki, Prezident İlham Əliyevin Avropa Şurası və Avropa Parlamentini beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunələri kimi xarakterizə etməsi Avropa institutlarının münaqişə dövründəki mövqeyinə yönəlmiş sərt siyasi tənqiddir:
"Bu tənqidin mərkəzində beynəlxalq münasibətlərdə ikili standartlar məsələsi dayanır. Azərbaycan uzun illər ərzində ərazi bütövlüyünün pozulması, işğalın nəticələri və beynəlxalq təşkilatların qərarlarının icra edilməməsi problemi ilə üzləşib. Belə bir şəraitdə beynəlxalq institutların qəbul etdikləri prinsiplərə ardıcıl əməl etməməsi onların nüfuzuna və etibarlılığına xələl gətirir. Beynəlxalq təşkilatların legitimliyi yalnız qətnamələr qəbul etmələri ilə ölçülmür. Onların əsas sınağı həmin sənədlərin həyata keçirilməsinə münasibətdə ortaya çıxır. Eyni hüquqi norma bir dövlətə münasibətdə qətiyyətlə müdafiə edilir, digərinə münasibətdə isə siyasi maraqlara görə fərqli tətbiq olunursa, beynəlxalq hüququn universallığı sual altına düşür.
Bu baxımdan Azərbaycanın irəli sürdüyü yanaşma daha geniş müzakirə tələb edən prinsipial məsələni gündəmə gətirir: beynəlxalq institutlar siyasi maraqların təsirindən nə dərəcədə azad şəkildə fəaliyyət göstərə bilir və onların qərarlarının icrasına kim təminat verir?
Prezident İlham Əliyevin çıxışında ən mühüm strateji tezislərdən biri BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən təsirli mexanizmlərin yaradılması zərurətidir.
Azərbaycanın təcrübəsi göstərdi ki, beynəlxalq hüquq normalarının və qəbul edilmiş qətnamələrin mövcudluğu öz-özlüyündə onların icrasına təminat vermir. Ermənistan-Azərbaycan münaqişəsi illərində qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun müddət yerinə yetirilməməsi bu problemin konkret nümunəsi kimi göstərilir.
Məsələ yalnız Azərbaycanın yaşadığı təcrübə ilə məhdudlaşmır. Müasir dünyada müxtəlif regionlarda baş verən münaqişələr beynəlxalq təhlükəsizlik sisteminin qərarların icrası məsələsində ciddi problemlərlə üzləşdiyini göstərir. Hüquqi sənədlər real siyasi və hüquqi nəticələr doğurmadıqda, münaqişə tərəfləri beynəlxalq ictimaiyyətin iradəsini nəzərə almamağın mümkün olduğu qənaətinə gəlirlər.
Belə şəraitdə yeni müharibələrin qarşısını almaq üçün yalnız diplomatik bəyanatlar kifayət etmir. Qətnamələrin icrasına nəzarət, pozuntulara görə məsuliyyət və qərarların yerinə yetirilməsini təmin edən işlək mexanizmlər beynəlxalq sistemin ayrılmaz hissəsinə çevrilməlidir".
Deputatın sözlərinə görə, AQEM-in 7-ci Bakı sammitində səsləndirilən fikirlər Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin siyasi-hüquqi nəticələrini bir daha ön plana çıxarır:
"Eyni zamanda, bu çıxış beynəlxalq ictimaiyyət qarşısında daha geniş bir məsələni qoyur: ədalətli sülh yalnız müharibənin başa çatması ilə deyil, onun səbəblərinin aradan qaldırılması, cinayətlərə hüquqi qiymət verilməsi və gələcəkdə oxşar hadisələrin təkrarlanmamasına təminat yaradılması ilə mümkündür.
Azərbaycanın mesajı bundan ibarətdir ki, sülh cəzasızlıq üzərində qurula bilməz, beynəlxalq hüquq siyasi məqsədlərə uyğun olaraq seçmə qaydada tətbiq edilə bilməz və qəbul edilmiş qərarlar icrasız saxlanıla bilməz. Ədalət işləmirsə, beynəlxalq hüquq nüfuzunu itirir. Hüquq nüfuzunu itirirsə, güc amili ön plana keçir. Güc amilinin hökm sürdüyü dünyada isə yeni müharibələrin və münaqişələrin yaranması təhlükəsi artır.
Məhz buna görə Bakının beynəlxalq platformadan səsləndirdiyi əsas çağırış yalnız keçmişə qiymət verilməsi deyil, gələcəyin təhlükəsizliyinin təmin olunmasıdır. Çünki davamlı sülhün təməli bəyanatlarda deyil, ədalətin təmin edilməsində və beynəlxalq öhdəliklərin real icrasındadır".
