Türkiyə - Azərbaycan münasibətləri ətrafında son günlər səsləndirilən qarşılıqlı ittihamlar və Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələr gündəmdədir. Xüsusilə məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan mübahisələr Türkiyə sosial şəbəkələrində də müzakirə olunur. Faktlar manipulyasiya edilərək çatdırılır. Bununla yanaşı, qardaş ölkədə yerləşən Baş konsulluq və səfirliklərimizin qarşısı da təxribatların meydanına çevrilir.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Nəsib Məhəməliyev bildirib ki, son hadisələr fonunda Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı qarşılıqlı ittihamların səsləndirilməsi ciddi təəssüf doğurur:
“İlk növbədə, Türkiyə Prezidentinin baş müşavirinin Azərbaycan əleyhinə status paylaşması dövlət məmuruna yaraşmayan hərəkətdir. Dövlətlərarası münasibətlərə dair məsələlər diplomatik kanallar vasitəsilə, dialoq yolu ilə həll olunmalıdır. Dövlət məmurunun sosial şəbəkələr vasitəsilə başqa dövlətin daxili işlərinə qarışması qəbuledilməzdir. Bu baxımdan, həmin paylaşım Azərbaycan ictimaiyyətində haqlı olaraq gərginliyə səbəb olub. Hesab edirəm ki, yaxın zamanda hər iki ölkənin dövlət başçıları- Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında dialoq baş tutar və yaranmış gərginlik aradan qaldırılar”.
Deputat qeyd edib ki, Türkiyədə məsələlər şişirdilir və əsassız məlumatlar yayılır. Onun sözlərinə görə, Azərbaycanda hicab qadağası yoxdur və ölkənin müxtəlif bölgələrində hicablı qadınları ictimai yerlərdə görmək mümkündür:
“Burada söhbət yalnız məktəblərdə vahid məktəbli formasının tətbiqindən gedir. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərar var. Azərbaycan hüquqi, demokratik dövlətdir və qanunlarla idarə olunur. Əgər Türkiyədə, İranda və ya başqa ölkələrdə kimsə hesab edirsə ki, Azərbaycan Konstitusiyasına uyğun qanunlarla deyil, ayrı-ayrı şəxslərin və ya dini təriqətlərin istəyi ilə qərarlar qəbul etməlidir, bilməlidir ki, belə yanaşma xaosa gətirib çıxara bilər”.
N.Məhəməliyev vurğulayıb ki, dini radikallaşma və xaricdən ölkənin daxili proseslərinə müdaxilə cəhdləri milli təhlükəsizlik baxımından ciddi məsələdir. O bildirib ki, Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması xüsusi əhəmiyyət daşıyır:
“Biz 1990-cı illərdən bəri keçdiyimiz yola nəzər salanda görürük ki, torpaqlarımızın işğal olunması, bir milyon qaçqın və məcburi köçkünün olması kimi obyektiv səbəblərdən bəzi ölkələrin humanitar yardım adı altında missionerlik fəaliyyəti ilə məşğul olmasına göz yumulub. Ancaq konkret statistika göstərir ki, hicablı qadınların, hətta uşaqların da bu proseslərə cəlb olunması getdikcə genişlənir. Bəzi qlobal güclər və regionda dini fəaliyyət adı altında təsir göstərən təriqət mərkəzləri bu proseslərdən Azərbaycan dövlətçiliyinə qarşı istifadə edə bilərlər. Söhbət yalnız kiminsə uşaqları məktəbin qarşısına gətirməsindən getmir. Məsələ milli təhlükəsizlik, dünyəvi dövlətin konstitusion quruluşunun qorunması ilə bağlıdır. Biz buna imkan verə bilmərik”.
Deputatın fikrincə, dini radikalizm və məzhəbçilik zəminində baş verən qarşıdurmaların nəticələri digər müsəlman ölkələrinin təcrübəsində də görünür.
O, Türkiyədə fəaliyyət göstərən dini qruplaşmalarla bağlı müzakirələrin də diqqətdə saxlanılmalı olduğunu bildirib:
“Əfqanıstan, İran, Livan, Yəmən, Suriya və İraqda baş verənlər bizim üçün ciddi xəbərdarlıq olmalıdır. İslam dini adı altında fəaliyyət göstərən radikal qrupların və məzhəbçilik qarşıdurmalarının müsbət nəticələr verdiyini göstərən nümunə görmürük. Türkiyənin özündə də dini təriqətlərin fəaliyyəti ilə bağlı məsələlər var. Bu sahəyə kifayət qədər diqqət yetirilmədikdə, həmin qrupların təsiri genişlənə və gələcəkdə ciddi təhlükəyə çevrilə bilər”.
N.Məhəməliyev əlavə edib ki, Azərbaycanın dünyəvi dövlət kimi inkişafı milli maraqların qorunması baxımından vacibdir. Onun sözlərinə görə, ölkənin maarifçilik ənənələri və görkəmli ziyalıların irsi bu məsələdə mühüm əhəmiyyət daşıyır:
“Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəylinin, Əhməd bəy Ağaoğlunun və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ziyalılarının əsərlərini oxumalı, onların yaşadıqları dövrü öyrənməliyik. Övladlarımızı reallıqla uzlaşmayan dini təbliğat əsasında böyüdə bilmərik. Azərbaycan dünyəvi, müasir və mədəni dövlət kimi inkişaf etməlidir”.
Deputat son hadisələrin beynəlxalq və regional proseslərlə də əlaqəli ola biləcəyini bildirib.
O hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Türkiyə ilə strateji müttəfiqliyi bəzi qüvvələr tərəfindən arzuolunmaz amil kimi qiymətləndirilə bilər:
“Tarixi zəfərimizi həzm edə bilməyən, torpaqlarımızın azad olunması ilə barışmaq istəməyən qüvvələr var. Azərbaycan separatçılığın kökünü kəsdi və öz ərazisində terrorçuluğa son qoydu. Digər tərəfdən, Türkiyə ilə Azərbaycanın güclənməsi və Türk dünyasının inteqrasiyası da müəyyən qüvvələri narahat edir. Azərbaycan Türkiyə ilə Türk dünyası arasında körpü rolunu oynayır. Bu inteqrasiyanın qarşısını almağa yönələn proseslərə qarşı ayıq olmalıyıq”.
N.Məhəməliyev sonda bildirib ki, Azərbaycan xalqı dövlətçilik maraqları ətrafında bir yumruq kimi prezidentin ətrfında birləşməli, ölkənin dünyəvi quruluşunun və milli təhlükəsizliyinin qorunmasına dəstək verməlidir.
