![]()
Aqrar Süni İntellekt layihəsinin fermerlər üçün praktik əhəmiyyət daşıyan əsas istiqamətlərindən biri bitki sağlamlığı proqramıdır. Bu proqram çərçivəsində xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması, eləcə də dərmanlama üçün əlverişli vaxtın müəyyənləşdirilməsi həlləri artıq istifadəyə verilib.
Bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti, aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında deyib.
O bildirib ki, xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması həlli aqrometeoroloji stansiyalardan əldə olunan məlumatlar əsasında riskləri saatlıq qiymətləndirir, zərərvericilərin inkişaf mərhələlərini izləyir.
“Hazırda sistem səkkiz meyvə növü üzrə 18 xəstəlik və zərərvericini əhatə edir. Dərmanlama vaxtının müəyyənləşdirilməsi həlli isə külək, yağıntı ehtimalı və temperatur göstəricilərini nəzərə alaraq növbəti günlər üçün uyğun vaxt intervallarını müəyyən edir. Bu imkan fermerlərə bitki mühafizəsi tədbirlərini hava şəraitinə uyğun planlaşdırmağa və təsərrüfat resurslarından daha səmərəli istifadə etməyə kömək edir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bitkilərin əraziyə uyğunluğunun müəyyən edilməsi, inkişaf fazaları üzrə risklərin xəritələşdirilməsi, temperatur xəbərdarlıqlarının verilməsi və optimal əkin müddətinin hesablanması da istismarda olan həllər sırasındadır: “Torpaq və iqlim göstəricilərinə əsaslanan məlumatlar bitki və sort seçiminin daha əsaslandırılmış şəkildə aparılmasına şərait yaradır”.
Qeyd edək ki, Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini genişləndirmək, fermer və sahibkarların qərarvermə proseslərini məlumatəsaslı və daha səmərəli etmək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində torpaq və bitki məlumatlarının analiz edilməsi, iqlim və suvarma göstəricilərinin izlənməsi, eləcə də məhsuldarlığın proqnozlaşdırılması üzrə süni intellektəsaslı modellərin tətbiqi nəzərdə tutulur.
