![]()
Bu il Azərbaycan Universitetinin 16 tələbəsi PTE (Pearson Test of English) imtahanlarında müvəffəqiyyət əldə edərək B1 (level 2), B2 (level 3), C1 (level 4) səviyyələrində beynəlxalq dil sertifikatlarına layiq görülüb. Əldə olunan göstəricilər beynəlxalq imtahanların ekvivalentliyi üzrə B1= IELTS 4-5 və ya TOEFL 57-86-ya, B2= IELTS 5-6.5 və ya TOEFL 87-109-a, C1=IELTS 7-8 və ya TOEFL 95-110-a bərabərdir.
Universitetdən bildirilib ki, tələbələrə sertifikatlarını Xarici dillər kafedrasının müdiri Aygün Qasımova təqdim edib.
İmtahan iştirakçılarından 9 nəfər fərqlənmə sertifikatı, 1 nəfər isə (Məhbubə Mahmudova, filologiya- ingilis dili və ədəbiyyatı, II kurs) yüksək fərqlənmə sertifikatı ilə təltif olunublar.
PTE ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biridir. Azərbaycan Universiteti 2018-ci ildən ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının imtahan alt mərkəzi kimi təsdiq olunub. Universitetin bu sertifikatın imtahanlarını təşkil etmək hüququ var. 2018-2026-cı illər ərzində universitetin 105 tələbəsi PTE sertifikatını əldə edib.
Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universitetində artıq bir neçə ildir ki, tələbələr ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatının imtahanlarına cəlb olunurlar. İmtahanın xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanır.
