Sizin reklam burada
Sizin reklam burada
  • Qax-Balakən Regional Turizm Şurasının 2026-cı il üzrə iclası keçirilib

    14 oktyabr tarixində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qax rayonunda Qax-Balakən Regional Turizm Şurasının 2026-cı il üzrə iclası keçirilib. İclasda  Dövlət Turizm Agentliyinin, yerli icra hakimiyyətinin nümayəndələri, müvafiq dövlət qurumlarının nümayəndələri və Şuranın işçi qrupunun üzvləri iştirak ediblər.

    "Atributinfo.az" xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, Şuranın sədri Kənan Quluzadə çıxışında “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın mahiyyəti, ölkədə turizm sənayesinin inkişafına verəcəyi töhfələr və Proqramdan irəli gələn vəzifələr barədə məlumat verib. O, həmçinin iclas çərçivəsində müzakirəyə çıxarılan Təkliflər Planında əks olunan məsələlərə toxunaraq regionun turizm potensialının inkişaf etdirilməsi, turistlər üçün əlçatanlığın artırılması, marketinq, nəqliyyat və infrastruktur istiqamətlərində nəzərdə tutulan layihələr və qarşıda duran vəzifələr haqqında ətraflı danışıb.

    Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında ölkə başçısının müəyyən etdiyi turizm strategiyasına uyğun olaraq rayonun təbii, mədəni və tarixi potensialının dayanıqlı inkişafının əhəmiyyətini vurğulayıb. Qaxın turizm imkanlarının tanıdılması məqsədilə kitab layihələrinin, intellektual turizm təşəbbüslərinin və müxtəlif mədəniyyət festivallarının uğurla həyata keçirildiyini, təşkil edilmiş festivallarda iştirakçı sayının 70 mini ötdüyünü qeyd edib. O, yerli əhali və turizm sektoru ilə əməkdaşlıq çərçivəsində qarşıya qoyulan hədəflərin qısa müddətdə və səmərəli şəkildə reallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirib. Həmçinin Şuranın regionda uzunmüddətli və dayanıqlı turizmin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

    Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov çıxışında rayonun zəngin təbiətinin, qədim tarixi abidələrinin və Katex şəlaləsi kimi unikal təbiət obyektlərinin turizm inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcudluğunun və rayonun əlverişli coğrafi mövqeyinin ekoturizmin genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib. Mövcud infrastrukturun təkmilləşdirilməsi və turizm imkanlarının genişləndirilməsi məqsədilə Şuranın iclasında yeni təkliflərin müzakirəsinin əhəmiyyətini qeyd edib.

    Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov Azərbaycanın şimal-qərb bölgəsinin turizm baxımından daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan bəhs edib. O, regionun gələcəkdə ölkənin aparıcı turizm istiqamətlərindən birinə çevrilmək potensialına malik olduğunu vurğulayaraq bu potensialın reallaşdırılmasında qurumlararası əməkdaşlığın əhəmiyyətini qeyd edib.

    Şəki Regional Turizm İdarəsinin müdiri Şahin Məlikov regionun turizm potensialının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Qax, Zaqatala və Balakən rayonlarının ekoturizm, aqroturizm, qastronomiya və digər turizm növləri üzrə geniş imkanlara malik olduğunu bildirib. Eyni zamanda, regionun turizm resurslarının tanıdılması, tanıtım səfərlərinin təşkili və sosial media platformalarında təbliğatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

    Azərbaycan Turizm Bürosunun Destinasiyaların inkişafı və turizm məhsulu departamentinin müdiri Heybət Vəliyev Büro tərəfindən həyata keçirilən marketinq fəaliyyətləri, turizm nişanlarının tətbiqi, eləcə də xarici ölkələrdən media nümayəndələrinin və turizm şirkətlərinin təmsilçilərinin regiona tanışlıq səfərlərinin təşkili barədə məlumat verib.

    Hesabat xarakteri daşıyan iclasda 2025-ci il üzrə keçirilmiş şura iclasında səsləndirilmiş təkliflərin icrası vəziyyəti,onların həlli istiqamətində görülən işlər müvafiq qurumların nümayəndələri tərəfindən şura iştirakçılarının diqqətinə çatdırılmışdır

    İclas çərçivəsində iştirakçıların rəy və təklifləri də dinlənilib. Qax-Balakən Regional Turizm Şurasının iclasında 29 dövlət qurumundan ümumilikdə 43 nəfər nümayəndə iştirak etmişdir. Əsas müzakirə olunan məsələlər regiona əlçatanlığın təmin edilməsi istiqamətində yol infrastrukturunun yaxşılaşdırılması,regionda keçirilən festivalların vahid təqviminin hazırlanması və qurumlararası koordinasiyanın təmin edilməsi,turistik ərazilərdə tullantıların idarə olunması,tarix-mədəniyyət abidələrinin bərpası və əlçatanlığın təmin edilməsi,regionun turistik ərazilərinin müxtəlif platformalarda təbliği,turizmin inkişafı üçün kadr hazırlığı istiqamətində regionda fəaliyyət göstərən təhsil müəssisələri ilə əməkdaşlığın artırılması və digər  istiqamətlərdə olmuşdur.Sonda regionun turizm potensialından daha səmərəli istifadə edilməsi, mövcud problemlərin həlli və qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə aidiyyəti qurumlarla birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.


    Bəradər Səməndərli,

    Zahir Məmmədov 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ