15 oktyabr tarixində Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş geniş tərkibli müşavirə keçirilib.
"Atributinfo.az" xəbər verir ki, ilk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH başçısının müavini Fərqanə Əhmədova, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, “Azərbaycanın Milli Qəhrəmanı” Hökumə Əliyevanın atası Cəlil Alıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə qazisi Xəyyam Fətəliyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də digər məsul şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev geniş məruzə ilə çıxış edərək, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışının ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi, dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi və partiyanın qarşısında duran prioritet vəzifələrin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
RİH başçısı Azər Qocayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun uğurla davam etdirilməsi, milli maraqların qorunması, dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsi, eləcə də xalq-iqtidar birliyinin daha da gücləndirilməsi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayaraq dövlətçilik ənənələrinin qorunmasına, milli həmrəyliyin möhkəmləndirilməsinə və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılmasına öz töhfəsini verir.
RİH başçısı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyətini qeyd edərək, əldə edilmiş nailiyyətlərin qorunmasının, ölkəmizin hərtərəfli inkişafının təmin olunmasının və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın qazandığı uğurlar dövlətimizin gücünü, xalqımızın birliyini və Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticələrini nümayiş etdirir.
Azər Qocayev, həmçinin Kəlbəcər rayonunda qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrasının, əhalinin müraciətlərinə həssaslıqla yanaşılmasının, vətəndaşların sosial problemlərinin həllinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. Aidiyyəti qurumların fəaliyyətində məsuliyyətin və operativliyin artırılmasının, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının və yerlərdə dövlət siyasətinin uğurla həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Sonda RİH başçısı dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin reallaşdırılması istiqamətində hər bir dövlət qulluqçusunun və Yeni Azərbaycan Partiyasının üzvünün üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsinin vacibliyini bildirib. O, ölkəmizin davamlı inkişafının təmin olunması, milli həmrəyliyin qorunması və Kəlbəcər rayonunun sosial-iqtisadi inkişafı naminə birgə fəaliyyətin, yüksək məsuliyyətin və dövlətə sədaqətin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, “Azərbaycanın Milli Qəhrəmanı” Hökumə Əliyevanın atası Cəlil Alıyev, Kəlbəcər Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nicat Sadıqov, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev, Kəlbəcər rayon 115 nömrəli tam orta məktəbinin direktoru Aqil Muxtarov, Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin tarix müəllimi Şikar Baxışov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışında səsləndirilən müddəalar, ölkəmizin siyasi və sosial-iqtisadi inkişafı, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və tarixi Zəfərimizin əhəmiyyəti barədə fikirlərini bölüşmüşlər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, xalq-iqtidar birliyi, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin əhəmiyyəti və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi diqqətə çatdırılmışdır. Natiqlər Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq, dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının ardıcıl həyata keçirilməsinin əhəmiyyətini qeyd etmişlər.
Bəradər Səməndərli
"Atributinfo.az"
