Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan–Kamboca münasibətləri: Yeni əməkdaşlıq, yeni mərhələ

    Ceyhun Məmmədov 

    Milli Məclisin deputatı


    Azərbaycan–Kamboca münasibətləri yalnız iki dövlət arasında diplomatik əlaqələrin genişlənməsi deyil, həm də Cənubi Qafqaz və Cənub-Şərqi Asiya regionları arasında körpülərin salınması baxımından böyük perspektivlərə malikdir. Atılan praktiki addımlar yaxın gələcəkdə hər iki ölkəyə real iqtisadi və siyasi dividendlər gətirəcəkdir.


    Azərbaycan ilə Kamboca arasında həm çoxtərəfli, həm də ikitərəfli müstəvidə formalaşan münasibətlər keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Əsas məsələ mövcud potensialı düzgün qiymətləndirmək və konkret addımlar atmaqdır.


    İki ölkə arasında strateji və tətbiqi əməkdaşlıq xətti bir neçə əsas istiqamət üzrə inkişaf edir:

    İqtisadi Tərəfdaşlıq və Ticarət Dövriyyəsinin Artırılması, İnsan Kapitalı və Dövlət İdarəçiliyində Təcrübə Mübadiləsi, Humanitar Çağırış: Mina Problemi və Təcrübə Mübadiləsi, Beynəlxalq Hüquq, Sülh və Ərazi Bütövlüyü.


    Cənab Prezidentin vurğuladığı kimi, iki ölkə arasında ticarət dövriyyəsinin hazırkı səviyyəsi mövcud potensialdan xeyli aşağıdır. Ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun yaradılması, həmçinin keçirilən biznes forumları yaxın gələcəkdə bu sahədə ciddi canlanmanın olacağından xəbər verir. Birgə sənaye müəssisələrinin yaradılması, turizm və təhsil əməkdaşlığı iqtisadi münasibətlərə yeni nəfəs verəcəkdir.


    Sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması zəngin bir tarixi təcrübədir. Bu ənənənin bərpası yalnız kadr hazırlığı deyil, həm də xalqlarımız arasında humanist bağların möhkəmlənməsi deməkdir.

     “ASAN xidmət” modeli: Cəmiyyətimizdə 100 faizə yaxın məmnunluq qazanmış və beynəlxalq brendə çevrilmiş “ASAN xidmət” modelinin Kambocada maraq doğurması, Azərbaycanın rəqəmsal transformasiya və dövlət xidmətləri sahəsindəki uğurlarının daha bir təsdiqidir.


    Hər iki ölkəni birləşdirən ən ağrılı və təxirəsalınmaz məsələlərdən biri mina təhlükəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın basdırdığı minalar nəticəsində 400-dən çox vətəndaşımızın həlak olması və ya yaralanması bu problemin nə qədər ciddi olduğunu göstərir. Kambocanın da analoji təcrübəyə malik olması minalardan təmizləmə, təlim və mütəxəssis mübadiləsi sahəsində sıx əməkdaşlığı zəruri edir.


    Sülh və təhlükəsizlik yalnız beynəlxalq hüquq normalarına, suverenliyə və ərazi bütövlüyünə hörmət olunduqda dayanıqlı ola bilər. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək hazırda təmizlənmiş torpaqlarda “Böyük Qayıdış” proqramını uğurla həyata keçirir və artıq 100 minə yaxın insan bu ərazilərdə məskunlaşıb. Azərbaycan və Kambocanın oxşar tarixi çağırışlarla üzləşməsi və beynəlxalq hüquqa sadiqliyi ikitərəfli münasibətlərin mənəvi-siyasi sütununu təşkil edir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ