Milli Məclisin deputatı
Ramiz Hümbətov haqqında esse söz demək mənim üçün olduqca agır və təsirlidir. Ramiz yaxşı mənada universal insan idi. İnsanlıq timsalında mövcud olan butün müsbət xüsusiyyətlər onun həyat kredosu idi. Ramiz heç kəsin qəlbini qırmaz, heç kəsi özundən narazı salmaz, kimdənsə incikliyi olanda isə onu üzə vurmaz, zamanın ixtiyarına buraxardı. Ramiz xaraktercə sadə, təvazökar, xarizmatik insan idi. Onun əhatəsi tanınmış ziyalılarla, saz-söz, ədəbiyyat, eləcə də sənət adamları ilə çox zəngin idi. O, dost qazanan vaxtını çoxdan müəyyənləşdirmiş, dost itirmək albomuna isə abzas açmamışdı. Sözü butöv, özü bütöv, əməli saleh adam idi Ramiz. Sinəsində canlı poeziya və həmin poeziya müəlliflərinin həyat və yaradıcılıqları qərar tutmuşdu. Xoşuna gələn şeiri bir dəfə oxumaqla yaddaşa verərdi. Şeir də şer olardı. Elə dostları da o cür seçmisdi; özu kimi sanballı, doğru-durüst, saf əqidəli.
Ramiz yeknəsəklikdən uzaq, deyib-gülən, yeyib-içən, xoş ovqalı, sən əhvallı, qarşısındakına müsbət enerji bəxş etməyi bacaran alicənab ziyalı idi. O, yaxşını pisdən, əyrini düzdən seçib ayırmağı, düzgün analiz etməyi hayat təcrübəsinə istinadən bacaran kişilərdən idi. Harda Ramiz vardısa, orda qaynar həyat, bol təbəssüm, insanlıq nümunəsi vardı. Harda Ramiz vardısa, orda maraqlı söhbətlər, məzmunlu disskusiyalar vardı. Harda Ramiz vardısa, orda əqidəli dostlar, harda əqidəli dostlar vardısa, orda Ramiz vardı. Heyif, çox heyif artıq bu gün dostlar var, Ramiz yoxdur. Quş kimi uçub getdi dostların sıralarından. Ondan qalan sədaqət, səmimiyyət, dürüstlük, saflıqdır və bu təsəlli yerimizdir. Ramiz vəfatı hər birimizin ruhunu silkələyir, qəlbini göynədir. Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun!
